Xəbərlər

Valyuta ehtiyatları gələcəyimizin sığortasıdır… – Deputat

Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi uğurlar, xarici borcun minimuma endirilməsi və valyuta ehtiyatlarının artması dövlətimizin geosiyasi müstəqilliyinin real göstəricisidir. Bu nailiyyətlər, eləcə də ölkəyə cəlb olunan xarici investisiyalar birbaşa vətəndaşların yaşam keyfiyyətinin yüksəldilməsinə və gələcək nəsillərin iqtisadi təhlükəsizliyinin sığortalanmasına xidmət edir.

Sosdem.az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışına və elan edilən iqtisadi göstəricilərə münasibət bildirərkən deyib.

Millət vəkili forumda elan edilən iqtisadi göstəricilərə toxunaraq, onların milli dövlətçilik üçün daşıdığı əhəmiyyəti vurğulayıb:

“Forumda səsləndirilən rəqəmlər – ÜDM-in dəfələrlə artaraq yüksəlməsi, xarici borcun minimuma endirilməsi və valyuta ehtiyatlarının rekord həddə çatdırılması Azərbaycan dövlətinin geosiyasi və iqtisadi müstəqilliyinin real göstəricisidir. Güclü iqtisadiyyat və sabit maliyyə sistemi dövlətə xarici təzyiqlərdən azad, müstəqil siyasət yürütmək və öz milli iradəsini sərbəst şəkildə diktə etmək imkanı verir”.

MCP başqanı iqtisadi inkişafın bilavasitə əhalinin sosial vəziyyətinə və yaşam keyfiyyətinə təsir etdiyini diqqətə çatdırıb:

“Yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsi, qeyri-neft sektorunun sürətli inkişafı və sosial-fiziki infrastruktura yatırılan milyardlarla vəsait birbaşa vətəndaşlarımızın yaşam keyfiyyətinin yüksəldilməsinə xidmət edir. İqtisadiyyatın şaxələndirilməsi və ölkəyə cəlb olunan xarici investisiyalar gələcəkdə yeni iş yerləri, dayanıqlı məşğulluq və ailələrin maliyyə təhlükəsizliyi deməkdir”.

Parlamentari ölkənin uzaqgörən strateji hədəflərinə diqqət çəkərək fikrini yekunlaşdırıb:

“Azərbaycanın regional logistika və nəqliyyat mərkəzinə çevrilməsi, yaşıl enerji və rəqəmsal infrastruktura xarici kapitalın cəlb edilməsi yalnız bu günün deyil, gələcək nəsillərin iqtisadi təhlükəsizliyini sığortalayan strateji addımdır. Dövlət Neft Fondunun aktivlərinin daha da artırılması kimi hədəflər dövlətimizin institutlaşması və qlobal tərəfdaşlar qarşısında etibarlı mövqeyinin möhkəmlənməsidir. Bütün bu uğurlar milli maraqlarımıza və xalqımızın ümumi rifahına xidmət edir”.

Bir cavab yazın

Back to top button