“Vahid ümmət” pərdəsi altında etnik unutdurma… – Şərhçi

Danılmaz faktdır ki, İrana yapışdırılan ‘möhtəşəm tarix, sivilizasiya’ türk tarixinin özüdür. Farsların türk etnosuna nifrətinin kökündə məhz həmin tarixi keçmiş və qorxu dayanır ki, bu da farsların şüuraltı milli düşüncə formasını alıb. Bu gün İranda hakimiyyət tamamilə qatı antitürk düşmənçiliyi ilə seçilən SEPAH-ın əlində cəmləşib.
Bu fikirləri Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhşi Vüqar Dadaşov Sosdem.az-a Yaxın Şərqdəki müharibə alovunun Cənubi Qafqaza mümkün təsirlərini və İranın Zəngəzur dəhlizi ilə bağlı gizli planlarını şərh edərkən deyib.
Politoloq bildirib ki, Azərbaycanın İrana verdiyi siyasi və humanitar dəstəyə rəğmən, fars şovinizminin düşmənçilik xətti dəyişməz qalır:
“Pəhləvi rejimindən başlayan və 1979-cu ildən sonra din pərdəsi altında davam edən etnik unutdurma siyasəti xüsusilə Azərbaycan türklərinə qarşı sərt ‘vahid ümmət’ konsepsiyası ilə tətbiq olunur. Nə Qalibaf, nə də Pezeşkian bu gün qərarverici siyasi fiqur deyil. 28 fevral hücumundan sonra mütləq hakim qüvvəyə çevrilən SEPAH yalnız fars ideoloji konsepsiyasına söykənir. Onların Azərbaycan Prezidentini hədəfə götürməsi, 44 günlük müharibədə Ermənistana kəşfiyyat dəstəyi verməsi bu nifrətin inkaredilməz faktlarıdır.”

Ekspert vurğulayıb ki, İranın ABŞ və İsraillə müharibədən “qalib görüntüsü” ilə çıxması Zəngəzur dəhlizi üçün ciddi təhlükədir:
“Məlumatlara görə, İran bu qarşıdurmadan ‘qalib’ çıxarsa, SEPAH qlobal iqtisadi arteriyaya çevrilə biləcək Zəngəzur dəhlizi layihəsinin qarşısını almağı planlayır. Donald Trampın Qafqazı Rusiyanın təsir zonası kimi qiymətləndirməsi və TRIPP layihəsindən imtina ehtimalı vəziyyəti daha da mürəkkəbləşdirir. Ermənistanda Paşinyanın iyun seçkilərində məğlubiyyəti TRIPP-i arxa plana keçirə bilər, lakin bu, Zəngəzur dəhlizinin açılmasını dayandırmamalıdır.”
Sonda politoloq qeyd edib ki, SEPAH xəttinin güclənməsi Azərbaycan üçün strateji çağırışdır: “Müharibənin davam etməsi və SEPAH-ın mütləq hakimliyini möhkəmlətməsi regionda yeni geosiyasi risklər yaradır. Azərbaycan öz strateji maraqlarını qorumaq üçün bu çağırışlara qarşı hazır olmalıdır”.