Vəzifə kreslosunu özünə sipər edənlər… – Başqan müavini

Dövlət idarəçiliyi şəxsi ambisiyaların, qorxuların və varlanma ehtirasının əsiri olmamalıdır.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.
Başqan müavini, bu sistem yalnız və yalnız qanun, məsuliyyət və vicdan üzərində dayananda güclü olur, deyə əlavə edib:
“Kreslolar müvəqqətidir. Vəzifə kreslosunu özünə sipər edənlər bunu heç vaxt unutmamalıdır. Bir ay da ola bilər, bir il də, on il də. Amma qanun qalıcıdır”.
Deputat köməkçisi qeyd edib ki, cəmi 48 gün əvvəl təyin edilmiş icra başçısının vəzifədən uzaqlaşdırılması təsadüfi hadisə deyil:
“Bu açıq və aydın mesajdır. Həm hazırda vəzifə daşıyanlara, həm də gələcəkdə bu postlara iddia edənlərə ünvanlanmış ciddi xəbərdarlıqdır. Bəli dövlət etimadı şəxsi maraqlara qurban verilə bilməz. Qanundan kənar fəaliyyət göstərən hər kəs bilməlidir ki, bu yolun sonu eynidir. Bu gün toxunulmaz görünən, əlçatmaz hesab edilən fiqurlar sabah məsuliyyətdən yayınmaya bilər. Çünki zaman dəyişib. Artıq “heç kim bilməz” düşüncəsi iflasa uğrayıb”.
