Xəbərlər

Vəd vermirəm, hesabat verirəm – Deputatlığa namizəd Ehtiram Mehtiyev

Seçki qərargahımız demək olar ki, gecə saat 12:00 kimi fəaliyyət göstərir. Seçki prosesində heç bir maneə rast gəlməmişik.

Bunu Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, MCP-nin 82 saylı İmişli-Saatlı Seçki Dairəsindən deputatlığa namizədi Ehtiram Mehtiyev deyib. O, bildirib ki, çoxları sadəcə təbliğat-təşviqat kampaniyası zamanı rayona gəlir, camaatla görüşür, amma mən illərdir xalqın arasındayam:

“15 illik siyasi təcrübəm var. 5 il də parlament təcrübəsi qazanmışam. Bu illər ərzində xalqın yanında oldum. Xalqın adamı oldum. Xalqdan biri oldum.

Mən təbliğat aparmıram, vəd də vermirəm. Mən illərdir gördüyüm işin hesabatını verirəm. Ümumiyyətlə vətəndaşlarla işləmək mənə zövq verir. Hər kəsin bir işi, bir amalı var, mənim də işim budur.

Mən kəlbəcərliyəm. Kəlbəcər işğal olunanda 4 yaşım olub. Niyə məhz İmişlidən namizədliyimi verdiyimi soruşurlar. İmişli də mənim vətənim sayılır. Kəlbəcərdən çox İmişlidə yaşadım. 5 ildir İmişli camaatına xidmət edirəm. Onların problemləri və qayğıları ilə maraqlanıram. Bir dəfə də olsun yorulmadım”.

Namizəd fəaliyyətinin xronologiyasını açıqlayıb:

“2020 -ci il pandemiyanın ağır günlərində yüzlərlə İmişlidən olan xəstələrin klinikalara yerləşdirilməsinə köməklik göstərmişəm. 44 günlük vətən müharibəsində yüzlərlə şəhid ailəsinin, qazinin yanında oldum, onların qayğıları, problemləri ilə məşğul oldum.

Demək olar ki, bütün şəhid dəfnlərində iştirak etmişəm. Onların yas mərasimlərində olmuşam. Səhhətində ciddi problem yaranan 10 şəhid valideyninin çətin və ağır əməliyyatına yardımçı olmuşam. 5 müharibə iştirakçısının Türkiyədə əməliyyatına səbəbkar olmuşam. Yüzlərlə qazinin müalicəsi üçün xəstəxanalarda saatlarla gözləmişəm. Rayonda yüzlərlə əlilliyi olan şəxsləri əlil arabası ilə təmin etdirmişəm. Yüzlərlə adamın işlə təminatına köməklik göstərmişəm. Mətbuatda və sosial şəbəkələrdə rayonun problemləri ilə bağlı yazılar yazmışam.

Davamını gətirə bilərəm. Bütün bu məsələlərlə bağlı mənim statistik qeydlərim var. Əksəriyyətini sosial şəbəkələrdə paylaşmışam”.

Ehtiram Mehtiyev sonda, məqsədlərinin rayonun inkişafına və tərəqqisinə xidmət etmək olduğunu vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu