Ukraynada Rusiya-NATO hərbi qarşıdurması başladı
Rusiyanın Ukraynada işğalı genişləndirməsi, Xarkovun işğalı istiqamətində intensiv hücumları NATO-nun təcili qərarlar qəbul etməsi ilə nəticələndi.
Bunu Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Rusiyanın sürətli irəliləməsinə səbəblərdən biri də Ukraynaya Qərbin verdiyi silahlarla Rusiya ərazisində hərbi mövqelərə zərbə endirmək icazəsinin verilməməsi idi:
“Bu da Rusiyaya əlavə imkanlar verib, sərhəddə ordusunu cəmləşdirib, hücumları aktivləşdirirdi. Məhz NATO əvvəldən bu qadağanı götürmüş olsaydı, Rusiya qoşunlarının Xarkova hücumunun qarşısını sərhəddə almaq olardı. Artıq NATO parlament Assambleyasında Ukraynaya Rusiya ərazisində hərbi mövqelərə zərbə endirmək üçün NATO silahlarindan istifadəyə yekdilliklə qərar qəbul edildi. Bu qərar NATO-nun Ukrayna siyasətində vahid qərarıdır. Kollektiv Qərb Rusiyanın hücumlarının avroatlantik məkanı təhdid etdiyinin fərqindədir. Rusiyanın durdulması Qərb üçün prioritet kimi qəbul edilib. Müharibənin gedişində bu kimi radikall qərarlar ona görə qəbul edilməmişdi ki, Rusiyanın resurslarının tükənəcəyini gözləyirdilər”.
Politoloq bildirib ki, Rusiya nəinki tükəndi, öz hərbi arsenalını inkişaf etdirdi:
“Bundan sonra, NATO silahları ilə Ukrayna Rusiya ərazisində hərbi mövqelərə və ordunun cəmləşmə sahələrinə intensiv raket zərbələri endirəcək. Bu kimi raket hücumlari Rusiyanın hücumunun əhəmiyyətli şəkildə qarşısını almaq iqtidarındadır. Məhz Rusiya qoşunlarının hücum intensivliyinin qarşısı alınıb ki, V. Zelenski Avropa turnesinə çıxıb. NATO silahlarından istifadəyə icazə verilməsi, Rusiya və NATO arasında faktiki hərbi toqquşma deməkdir. Ukraynanın növbəti aylarda hərbi təşəbbüsü ələ alacağı mümkündür. Diplomatik danışıqlara gəldikdə, bunun üçün siyasi ortam formalaşması müharibənin gedişindən asılı olacaq”.