Ukrayna Rusiyanın “neft ixracını” vuracaq – ŞƏRH

ABŞ prezidenti Donald Trumpın Ukraynanın Rusiya ərazislərini, ən başlıcası isə neft infrastrukturunu, neft emalı zavodlarını, kəmərlərini vurulmasına razılıq verilməsi və bununla bağlı müvafiq sərəncamının imzalanması Rusiya-Ukrayna müharibəsində ciddi dönüş nöqtəsi ola bilər.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbəh Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Ekspert qeyd edib ki, Rusiya neft infrastrukturun hədəfə alınması və Avropa İttifaqının qısa müddətdə Rusiya neftindən, enerji daşıyıcılarından imtinasının təmin olunmasına dair qərarı Kremli çox çətin vəziyyətə sala bilər:
“Bu da, müharibənin gedişini əhəmiyyətli dəyişə bilər. Əgər Trump siyasi qərarlarında qətiyyətli olarsa bu, Ukrayna-Rusiya müharibəsində dönüş nöqtəsi hesab oluna bilər.
Lakin, Trumpın qərarı təkcə Kiyevin hərbi maraqları ilə ölçülməməlidir. Rusiyanın neft ixracının qarşısının alınması ABŞ-nin özünün Avropaya neft ixracını təmin etmək və bölgəni özündən asılı vəziyyətə salmaq məqsədinə də söykənə bilər.
Ən əsası isə, ABŞ-nin Ukraynaya dəstəyi həm də əsas rəqibi Çinə qarşıdır. Belə ki, Çin bütün iqtisadiyyatının əsas hissəsini Rusiyanın enerji daşıyıcıları üzərində qurub. Ukraynanın əsas hərbi hədəflərinin Rusiyanın Çinə ixracının olacağı şübhə doğurmur. İran da Çinə neft ixrac edir, ancaq İsrail-İran müharibəsindən sonra Tehran Qərbin tələblərinə daha loyal davranır. Yeri gəlmişkən, nə Çin, nə də İran Rusiyaya qarşı tətbiq olunan sanksiyalara nəinki qoşulmayıb əksinə, Rusiyanın faktiki hərbi müttəfiqləridir”.

Şərhçinin sözlərinə görə, qeyd olunan proseslər fonunda, ABŞ-nin Venesuelada hakimiyyətə qarşı iqtisadi, siyasi, hətta hərbi təzyiqləri belə bir qənaəti ortaya çıxarır ki, Ağ ev onlardan neftlə bağlı razılaşma əldə etmək niyyətindədir:
“Əks halda, Maduro hakimiyyəti üçün real təhlükələr yaradılacaq. Yəni, Venesuela da ABŞ-nin qlobal istəklərində bir obyekt kimi Rusiya ilə bağlı planlarla əlaqəlidir.
NATO ölkələrinin hava məkanının Rusiya tərəfindən mütamadi pozulması, Baltikyanı ölkələrdə və Polşada NATO qoşunlarının yerləşdirilməsi və Rusiya ilə sərhəddə NATO qərargahının yaradılmasını daha da tez başa gətirdi. Böyük Britaniya və Almaniyanın isə Kremlə münasibətdə daha praktik və qətiyyətli davranışı Rusiya-Ukrayna müharibəsinin nəticələrinə əsaslı təsir edə bilər”.