Xəbərlər

Ukrayna-İran qarşıdurması Xəzərin təhlükəsizliyini riskə atır… – Analitik

“Ukrayna-İran arasında artan gərginliyi yalnız İran-Rusiya münasibətləri kontekstində dəyərləndirmək doğru olmaz. Proses daha geniş geosiyasi qarşıdurmanın tərkib hissəsidir və müşahidə olunan gərginlik siyasi məntiqə əsaslanan nəticədir”.

Bunu Sosdem.az-a Kiyev və Tehran arasında dərinləşən gərginliyi, Moskva-Tehran strateji oxunu və proseslərin Cənubi Qafqaza olası təsirlərini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Vüqar Dadaşov deyib.

“İran Rusiyanın Hərbi Potensialını Qoruyan Əsas Strateji Dayaqdır”

Analitik ABŞ Prezidenti Donald Trampın Ukrayna siyasi xəttindəki dəyişikliklərin gedişata birbaşa təsir etdiyini diqqətə çatdırıb:

“ABŞ Prezidenti Trampın Rusiya-Ukrayna müharibəsinə münasibətində müşahidə olunan dəyişiklik, Ukrayna Prezidenti Volodimir Zelenski ilə intensiv təmasları və Kiyevə nümayiş etdirdiyi siyasi dəstək ABŞ-İran qarşıdurması fonunda Rusiyanın əsas strateji müttəfiqlərindən biri olan İranla Ukrayna arasında hərbi gərginliyi gözlənilən ehtimallardan birinə çevirirdi. Əlbəttə ki, İran–Ukrayna münasibətlərində söhbət Rusiyanın hərbi imkanlarını təmin edən və onun müharibə potensialını dəstəkləyən əsas dayaqların hədəfə götürülməsindən gedir.

Məlumdur ki, Ukraynanın Rusiya üzərindəki üstünlüyünün əsas elementi müasir texnologiyalar, pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli zərbə imkanlarıdır. Bu üstünlüyü zəiflədə biləcək amillərdən biri isə İranın Rusiyaya verdiyi hərbi-texnoloji dəstəkdir. Yəni İran nəinki Ukraynaya, bütövlükdə bütün Qərbə qarşı Rusiyanın siyasi və hərbi potensialını qoruyan əsas müttəfiqlərdəndir. Bu baxımdan Ukrayna–İran münasibətlərinin daha da gərginləşməsi real ssenaridir. İran və Rusiyanın hərbi-siyasi mövqeyinə toxunan Ukrayna–İran hərbi gərginliyi ABŞ-ın maraqlarına uyğun gəlir və hərbi toqquşma ehtimalını artırır. Eləcə də İranın Ukraynaya cavab verməsi gözlənilən variantlardandır”.

“Gərginlik Xəzər Və Cənubi Qafqaza Birbaşa Təsir Edəcək

MCP rəsmisi Rusiya-İran ittifaqının regional layihələrə təhdid yarada biləcəyini və riskləri neytrallaşdıran əsas gücləri açıqlayıb:

“Rusiya ilə İranın əməkdaşlığı yalnız Ukrayna müharibəsi ilə məhdudlaşmır. Moskva və Tehran Cənubi Qafqaz, Zəngəzur dəhlizi, TRIPP layihələri və bütövlükdə əksər qlobal geosiyasi məsələlərdə koordinasiyalı çıxış edirlər. Ermənistan, Azərbaycan və bütövlükdə Cənubi Qafqazla bağlı nümayiş etdirdikləri oxşar siyasi yanaşma da onların ortaq və vahid maraqlarının, strateji müttəfiqliyinin nəticəsidir”.

“Azərbaycan və Türkiyə əsas siyasi aktor…”

Ekspertin sözlərinə görə İran-Ukrayna qarşıdurması yalnız iki dövlət arasında qala bilməz:

“Bu proses Xəzər hövzəsinin təhlükəsizlik mühitinə, enerji infrastrukturuna və Xəzəryanı dövlətlərin maraqlarına birbaşa təsir göstərərək regional təhlükəsizlik baxımından yeni risklər yarada bilər. İranın Zəngəzur dəhlizinə, TRIPP layihəsinə və regional enerji-logistika marşrutlarına münasibəti fonunda Azərbaycan və Türkiyə regionda gərginliyin genişlənməsinin qarşısını ala biləcək əsas siyasi aktorlar kimi çıxış edə bilərlər. Tehranın mövqeyinin Azərbaycan və Türkiyənin regional maraqlarına mane olmayacağı şərti də həlledici amildir. Münaqişənin yeni regional müharibəyə çevrilməməsi ABŞ-İran münasibətlərindən, eləcə də Azərbaycan və Türkiyənin maraqlarından və siyasi-diplomatik təsir imkanlarından asılı olacaq”.

Bir cavab yazın

Back to top button