Ucqar kəndlərə “mobil pulsuz hüquqi yardım” göndərilməlidir… – Deputat

“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsini cəmiyyətimiz üçün olduqca vacib və sosial əhəmiyyətli təşəbbüs hesab edirəm. Çünki hüquq yalnız qanunlarda təsbit olunan normalar deyil, həm də vətəndaşın öz hüquqlarını bilməsi və müdafiə edə bilməsidir.
Sosdem.az xəbər verir ki, bunu bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev parlamentin plenar iclasında deyib.
Hüquqi savadsızlıq və maddi imkansızlıq
Millət vəkili ilkin hüquqi məsləhətlərin və istiqamətləndirmənin vacibliyini xüsusi vurğulayıb:
“Bu gün hüquqları pozulduğu halda hara müraciət edəcəyini, şikayətini necə hazırlayacağını bilməyən insanlar var. Bəzən vətəndaş haqlı olsa da, hüquqi savadsızlığı və maddi imkansızlığı səbəbindən öz haqqını müdafiə edə bilmir. Vəkil xidmətindən istifadə etmək isə hər kəsin imkanı daxilində deyil. Hüquqi savadsızlıq bəzən insanın öz hüququnun pozulduğunu belə anlamaması deməkdir. Əmək, əmlak, ailə və sosial təminat sahəsində insanlar çox vaxt hansı hüquqlara malik olduqlarını bilmirlər. Ona görə də hüquqi yardım yalnız məhkəmədə müdafiə ilə məhdudlaşmamalı, ilkin hüquqi məsləhət və düzgün istiqamətləndirməni də əhatə etməlidir”.
Pulsuz xidmət keyfiyyətsiz yardım deyil
MCP başqanı xidmətin keyfiyyətinin saxlanılması və bürokratik əngəllərin aradan qaldırılması üçün mexanizmlər təklif edib:
“Qanunun tətbiqində bir neçə məsələyə diqqət yetirilməlidir. İlk növbədə, pulsuz hüquqi yardım formal prosedura çevrilməməli, vətəndaş çoxsaylı sənədlər toplamaq məcburiyyətində qalmamalıdır. İkincisi, xidmətin keyfiyyəti təmin olunmalıdır. Pulsuz hüquqi yardım keyfiyyətsiz yardım demək deyil. Vəkillərin əməyinin adekvat maliyyələşdirilməsi vacibdir ki, proses formal xarakter daşımasın. Həmçinin, xidmətin keyfiyyətinin ildə iki dəfə yoxlanılması çatışmazlıqların və boşluqların aradan qaldırılması üçün vacib şərtlərdəndir”.

Ucqar kəndlərdə pulsuz hüquqi yardım
Parlamentariv rəqəmsallaşma və regionlarda hüquqi əlçatanlıq mövzusunu önə çəkərək fikirlərini yekunlaşdırıb:
“Hüquqi yardım Bakı ilə məhdudlaşmamalı, ucqar kəndlərdə yaşayan vətəndaşlar da bu xidmətdən rahat yararlanmalıdır. Mobil hüquqi yardım xidmətləri və rayonlarda hüquqi yardım mərkəzlərinin yaradılması faydalı olardı. İnternet üzərindən rəqəmsal xidmətlərin əlçatanlığı da sadələşdirilməlidir. Bu qanunun əsas məqsədi sadəcə pulsuz vəkil xidməti yaratmaq deyil, vətəndaşda hüquqa və ədalətə inamı gücləndirmək, ona dövlət qarşısında tək olmadığını hiss etdirməkdir. İnanıram ki, bu qanun hüquqi dövlət quruculuğuna və sosial ədalətin möhkəmlənməsinə mühüm töhfə verəcək”.