Türkiyənin Qafqazda rolu, Rusiya ilə tarazlıq siyasəti – ŞƏRH

Rusiya-Ukrayna müharibəsi uzandıqca nəinki regionda, ümumiyyətlə dünyada siyasi gərginlik artır. Bu, Qafqazdakı proseslərə də təsirsiz ötüşmür. Rusiya əsasən Cənubi Qafqazda mövqeyinin sarsıldığını hiss edir və yenidən bölgədə güclənməyə səylər göstərir. Ancaq reallıq budur ki, artıq Türkiyə regionda, Qafqazda qüdrətli söz sahibidir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Tural İrfan deyib.
Şərhçi bildirib ki, Türkiyə Prezidenti Ərdoğanın Azərbaycan-Ermənistan arasındakı sülhün Türkiyə və Rusiyanın maraqlarına zidd olmadığını xatırlatması Kremlə diplomatik dillə xəbərdarlıqdır:
“Bu eyham sülh prosesinə müdaxilələri neytrallaşdırmaq üçündür. Xüsusilə Rusiyanın Ukraynaya təcavüzü fonunda Ərdoğanın “Ukraynada ədalətli və davamlı sülh üçün Türkiyənin səylərini davam etdirdiyini” xatırlatması da bu qəbildən siyasi mesajdır. Habelə İstanbulda aparılan danışıqların prosesə töhfə verdiyini deməsi də Rusiyaya xatırlatmadır. Belə ki, Türkiyə bu məsələdə Rusiya və Ukrayna üçün töhfə verir. Belə olduğu halda Rusiya da Qafqazda Türkiyə və Azərbaycanın maraqlarını tapdamamalıdır. Əlaqələrin inkişaf etdiyini qeyd etməklə münasibətlərin gərginləşməsində maraqlı olmadığını bir daha dilə gətirib. Ümumiyyətlə Ərdoğanın bu münasibəti sülh prosesinə diqqətin və nəzarətin büruzəsidir. Yəni, Qafqazda Rusiya özünü birmənalı əvəzsiz lider görməməlidir. Artıq Türkiyənin də Ermənistanla əlaqələri yüksək səviyyəyə qalxmaq üzrədir”.

İsrail Baş nazirini Netanyahunun qondarma erməni soyqırımını tanımaqla bağlı ifadələrinə gəlincə ekspert bildirib ki, Paşinyanın buna kəskin münasibəti Türkiyə-Ermənistan münasibətlərinin ciddiliyini göstərir:
“Bununla paralel Türkiyənin Rusiya və bəzi Qərb dövlətlərinin maneələrini dəf edərək ehtimal olunan müdaxilələrin özünə qabaqlayıcı sədd çəkməsi Azərbaycan və Ermənistan arasındakı sülh prosesini daha da sağlamlaşdırır, etibarlı edir. Ermənistanla danışıqlarda Türkiyənin rolunu həm Azərbaycan həm də Ermənistan qəbul edir. Rusiya isə Qafqazda tamamilə nüfuzunu itirməkdədir. Belə olmasına baxmayraq Türkiyə Prezidentinin münasibətlərdə və müxtəlif sahələrdəki əlaqələrdə maraqlı olduqlarını deməsi ümumiyyətlə sülhə və ümumi inkişafa töhfə verən bəyanatlardır.
Artıq ATƏT-in Minsk Qrupunun da ləğv edilməsi də sülh prosesinə növbəti ciddiyyət qatmaqdadır. Ümid edilir ki, Ukrayna və Rusiya arasındakı müharibənin səhmana salınmasında Türkiyənin rolu və sülhə doğru atılan addımlardakı vasitəçiliyi onun siyasi proseslərdəki əhəmiyyətini daha da artırır”.