Xəbərlər

Türkiyə Rusiyaya qarşı müharibəyə cəlb edilir – ŞƏRH

Beş saatdan çox çəkən Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko görüşündən sonra, Lukaşenkonun Ukraynaya qarşı açıq təhdid xarakterli açıqlaması və paralel olaraq Rusiya–Ukrayna müharibəsinin “Slavyan üçlüyü” formatında həlli təklifi, Kremlin düşdüyü çox çətin vəziyyətdən çıxış cəhdidir. Təbii ki, səslənən “Slavyan üçlüyü”nün əsas məqsədi ABŞ-ni, Qərbi prosesdən kənarlaşdırmaq və Ukraynanı istəklərinə tabe etməkdir. O da məlumdur ki, Ukrayna heç bir halda Lukaşenkonun “Slavyan üçlüyü” təklifini qəbul etməyəcək.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Ekspert qeyd edib ki, bu təklif Putinin Lukaşenko vasitəsilə Ukraynaya, Zelenskiyə təzyiq, psixoloji təsir məqsədiylə ortaya atılıb:

“Əslində isə, Lukaşenkonun açıq təhdidləri, hətta III Dünya müharibəsinə işarəsi, Rusiyanın düşdüyü ağır hərbi və siyasi vəziyyətinin sübutu kimi qiymətləndirilir. Sözsüz ki, Putinin Lukaşenko vasitəsilə belə bir təşəbbüslə çıxış etməsinə, ABŞ prezidenti Donald Trampın Rusiya münasibətinin dəyişməsi təsirsiz ötüşməyib. Bu kontekstdə, ABŞ-nin və eləcə də Qərb ölkələrinin Ukraynaya uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərini və hətta Kremlə belə zərbə endirməsinə icazə verməsi və artıq müəyyən hücumların həyata keçirilməsi Putini çox narahat edir. Vəziyyətə Trampın hansı addımlar atacağını müəyyən etmək çətindir. Ona görə də Putin prosesin gedişatını nəzarətə götürmək üçün Lukaşenko vasitəsilə “Slavyan üçlüyü” mexanizmindən istifadə etməyə çalışır.

Rusiya-Ukrayna müharibəsi Lukaşenkonu da çox narahat edir. Rusiya üçün uğursuz nəticə, onun müttəfiqi Lukaşenko hakimiyyəti üçün ciddi və real təhlükələr vəd edir. Bir neçə həftə əvvəl ABŞ-nin Belarusa yaxınlaşma istəyinin də nəticəsiz sonluğu Lukaşenkonu şəxsən aktivləşməyə məcbur edə bilər”.

MCP rəsmisinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı münasibətinin dəyişməsi açıq görünürsə də, Tramp hələ də məsələnin sülh yolu ilə həll ediləcəyinə inamını tam itirməyib:

“Bir neçə gün əvvəl Trampın prezident seçkiləri öncəsi Rusiya-Ukrayna müharibəsinin həllinə dair verdiyi açıqlamasında yanıldığını deməsi əlbəttə ki, müharibənin ədalətli bitməsi və ya dayandırılması imkanının çox aşağı olmasını göstərir. Sözsüz ki, Rusiya Putin hakimiyyəti dövründə müharibədən geri çəkilməyəcək. Ancaq, Putin komandasının daxilində müharibə əleyhdarları da artmaqdadır. Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın istefasının səbəbi də budur. Siyasi elita arasında fikir ayrılıqları Putin hakimiyyəti üçün ciddi risklər vəd edir. Proseslərin analizi göstərir ki, Putinin inadı Rusiyada hakimiyyət dəyişikliyinə gətirə bilər ki, bu ehtimal getdikcə artır, hətta paralel siyasi sistemin belə dəyişmə ehtimalı da çoxalır”.

Analitik vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinə ABŞ-Türkiyə münasibətləri fonunda da baxmaq daha doğrudur.

“Cənab Ərdoğanın ABŞ-yə səfəri və Trumpla görüşü, Trampın Suriya məsələsindən tutmuş digər açıqlamaları təkcə iki tərəfli məsələ deyil. Rusiyanın hazırkı hakimiyyəti üçün olduqca vacib “nəfəslik” rolunu oynayan Türkiyəyə ABŞ-nin çox isti münasibəti MMoskva əleyhinə yönəldilə bilər. F-16 və hətta F-35 təyyarələri ilə bağlı razılaşmalar Türkiyə-Rusiya münasibətlərinə güclü təsir edə biləcək əsaslardan biridir. Təbii ki, burada Trampın Ərdoğana qarşı şəxsi münasibəti də rol oynayır, ancaq ABŞ-nin milli və dövlət maraqları əsas şərt olaraq öndədir. Hətta, ABŞ və bəzi NATO dövlətləri Türkiyəni Rusiyaya əsas hərbi təzyiq kimi görür. ABŞ istisna olmaqla, NATO-nun Türkiyəsiz ciddi hərbi imkanları yoxdur. Rusiyanın da Avropada NATO dövlətlərinin hava məkanını pozması, NATO-nun Türkiyənin də Rusiyaya qarşı müharibəyə qoşulmasına istəkli olmasını göstərir. Ancaq, Ərdoğanın bu planlara münasibəti nisbidir.

Rusiya NATO dövlətlərinin hava məkanını pozmaqla kollektiv Qərbi Rusiya-Ukrayna müharibəsindən yayındırmağı hədəfləyə bilər. Hələ ki, NATO-nun hərbi cavabı adekvat olmasa da, Qərbdən son açıqlamalar Rusiyaya qarşı ciddi təzyiqlərin planlandığına işarədir.

Ukrayna müharibəsi ilə Rusiyanı özündən asılı vəziyyətə salan Çin müharibənin davamına maraqlıdır və prosesə söz sahibidir. Rusiya Ukraynada başladığı müharibə ilə çıxılmaz tələdədir. Həm Putin hakimiyyəti, həm də xarici aktorlar üçün Ukrayna müharibəsi zərurətə çevrilib”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu