Türkiyə ilə Rusiya Əsədin devrilməsində razılığa gəliblər? – ŞƏRH
Rusiya Suriyada hərbi mövcudluğunu davam etdirəcəkmi?
Türkiyə və ABŞ Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra da, Rusiyanın Suriyada Tartusdakı hərbi dəniz, Xmeymimdəki hərbi hava bazaları ölkədə mövcudluğunu davam etdirə bilər. Heç şübhəsiz ki, Bəşər Əsəd rejimini ayaq üstə saxlayan Rusiya və İranın hərbi qüvvələrinin ölkədən tamamən çıxarılması da təbii görünür.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
O vurğulayıb ki, lakin, regiondakı proseslər və mövcud geosiyasi vəziyyət fərqli qənaəti ortaya çıxarır:
“Bəşər Əsəd rejimi devrildikdən dərhal sonra, ilk olaraq Türkiyə kəşfiyyat rəhbəri İbrahim Kalının Dəməşqə, ABŞ dövlət katibi Entoni Blinkenin isə Ankaraya səfəri Suriya hökümətinin də formalaşmasının Türkiyədə həll edilməsini göstərir və bu barədə Entoni Blinkenin açıqlaması Suriyadakı proseslərin tam olaraq Türkiyənin istək və nəzarəti ilə davam etdiyinə sübutdur. ABŞ – ın yeni seçilmiş prezident Donald Trampın “Bəşər Əsədi Türkiyə devirdi” açıqlaması da reallığı ortaya çıxarır”.
Türkiyə ilə Rsuiya razılaşıblar?
Siyasi şərhçinin sözlərinə görə, Türkiyənin Suriyada rejimin devrilməsini Rusiya ilə razılaşdırması ilə bağlı məlumatlar var:
“Bəşər Əsədin Rusiya qaçırılması və onu aparan təyyarəsinin təhlükəsizliyinə Türkiyənin zamanəti ortadadır. Üstəlik, Türkiyə prezidenti cənab Ərdoğanın Qaziantepedə Rusiya prezidenti Vladimir Putin haqqında dedikləri və Rusiyanın Bəşər Əsəd rejiminin devrilməsindən dərhal sonra rus qoşunlarının təhlükəsizliyi və ölkədən çıxarılmasında Türkiyəyə xahişi deyilən sövdələşmənin mövcudluğuna inam artırır.
Əlbəttəki, Rusiya hərbi bazalarının Suriyada mövcudluğunun təkcə Bəşər Əsəd rejiminin devrilməsinə Rusiyanın razılığının verilməsi müqabilinə, ağırlığına uyğun gəlmir. Olsun ki, Suriyada Rusiyanın hərbi mövcudluğunun davamı əvəzinə, Zəngəzur dəhlizinin açılması və dəhlizin təhlükəsizliyi üçün Azərbaycan və Türkiyənin nəzarətində bufer zonanın yaradılması razılaşma predmetidir. Suriya, Bəşər Əsəd rejimi ilə bağlı Türkiyə və Rusiya arasında hər hansı razılaşma olubsa, bu razılaşma mütləq Ukraynada gedən müharibəni də əhatə edir”.
Moskva hərbi bazalarını bölgədə saxlayacaq?
Rusiyanın Suriyadakı hərbi bazalarının mövcudluğunun davamının hüquqi əsaslarına gəlincə V.Dadaşov bildirib ki, Rusiya öz hərbi bazalarının Suriyada yerləşməsini Bəşər Əsədlə yox, müvafiq beynəlxalq müqavilə əsasında Suriya dövləti ilə 49 il müddətinə və sonradan 25 il uzadılması imkanı ilə razılaşdırıb:
“Yeri gəlmişkən, Tartusdakı hərbi baza hələ SSRİ dövründə, 1971-ci ildə ikitərəfli razılaşma əsasında yaradılıb. Sözsüz ki, Rusiya ilə beynəlxalq müqavilənin denonsasiyasını Suriyanın yeni höküməti bir tərəfli qaydada həyata keçirə bilər o halda ki, müqavilə şərtlərində denonsasiya nəzərdə tutulubsa. Ancaq, Rusiyanın Suriya ilə belə mahiyyətli müqavilə imzaladığı inandırıcı deyil.
Bu arada da Kremildən verilən məlumata görə, Rusiya Suriyanın yeni hakimiyəti ilə hərbi bazalarının saxlanılması üçün danışıqlar aparır.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransında da “Rusiya və ya hər hansı bir ölkənin hərbi bazalarının Suriyada qalıb-qalmaması məsələsi iki tərəf arasında həll edilməlidir”, deyib.
Bu gedişlə, Rusiya Suriyada öz hərbi mövcudluğunu qoruya bilər təbii ki, ancaq Türkiyə ilə razılaşdırmaqla. Ancaq bu da çox uzun müddətli ola bilməz”.
İsrail Əsədlə əməkdaşlıq edirdi?
Başqan müavini Əsədin devrilməsində İsrailin rolu məsələsinə də toxunub.
“Suriyada Bəşər Əsəd rejiminin devrilməsində İsrailin iştirakı ilə bağlı müəyyən fikirlər var və hətta İsrail baş naziri Benyamin Netanyahu belə bir açıqlama da verib. Ancaq, Bəşər Əsəd rejiminin devrilməsindən sonra, əldə olunan sənədlər Bəşər Əsəd rejiminin İsraillə əməkdaşlığı, xüsusi xidmət orqanlarının birgə fəaliyyətini üzə çıxarıb. Əlbəttəki, İsrail yaranmış vəziyyətdən fürsətçilik də edə bilər” – Siyasi şərhçi deyib.
İranın Siriyada gələcəyi…
İrana gəlincə, V.Dadaşov, “İranın Suriyada hərbi mövcudluğu isə sona yetib, İranın İraqdan da çıxarılması növbəti mərhələdə baş tutacaq”, deyə bildirib.