Türkiyə Azərbaycanın təbii müttəfiqidir, ikinci belə bir ölkə yoxdur… – Şərhçi

“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və 2020-ci ildə Qarabağın işğaldan azad olunmasında yanımızda yalnız qardaş Türk xalqı və onun dövləti olub; Ankara və Bakı təbii müttəfiqdir və Türkiyəyə qarşı çıxanlar, birbaşa Azərbaycana qarşıdır”.
Bunu Şərqlə Qərbin kəsişməsində formalaşan yeni güc balansını, Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyinin tarixi və müasir köklərini, həmçinin regional təhlükəsizlik arxitekturasını Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
“Azərbaycan Xalq Cümhuriyyətinin Qurulmasında və Qarabağın Azadlığında Yanımızda Yalnız Qardaş Türkiyə Oldu”
Politoloq iki qardaş dövlətin tarixin ən çətin sınaqlarından birgə və çiyin-çiyinə keçdiyini diqqətə çatdırıb:
“Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasında və Qarabağın erməni işğalından azad olunmasında bizə ən böyük siyasi, mənəvi dəstək verən və hər zaman yanımızda dayanan yalnız qardaş Türk xalqı və onun qüdrətli dövləti olub. Bu gün Bakıdakı Şəhidlər xiyabanına baxanda, Anadoludan gəlib bizlər üçün, Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçən qəhrəman türk qardaşlarımızı hər zaman böyək hörmət, ehtiram və rəhmətlə anırıq. Bu fədakarlıq tarixin yaddaşına qanla yazılıb”.
“Türkiyəyə Qarşı Olanlar Birbaşa Azərbaycana Qarşıdır”
Ekspert Ankara ilə Bakı arasındakı müttəfiqliyin sadəcə diplomatik deyil, təbii və sarsılmaz bir bağ olduğunu vurğulayıb:
“Türkiyə Azərbaycanın ən etibarlı təbii müttəfiqi və əbədi qardaşıdır. Dünya xəritəsində Azərbaycana bu dərəcədə yaxın, doğma olan ikinci belə bir ölkə yoxdur. Məhz bu amili nəzərə alaraq qətiyyətlə demək olar ki, Türkiyəyə qarşı olan qüvvələr, eyni zamanda Azərbaycana qarşıdır. Biz regionda və qlobal miqyasda hər zaman vahid cəbhədən çıxış edirik. Unutmamalıyıq ki, Türkiyənin regional və beynəlxalq müstəvidə nəhəng güc mərkəzinə çevrilməsi Azərbaycanın milli təhlükəsizliyini kifayət qədər gücləndirir və bizi xarici təhdidlərdən qoruyur”.

“Ankaranın 2015-ci İldən Başlayan Yüksəlişi 2020-ci İldə Qafqazın Geosiyasətini Azərbaycanın Xeyrinə Dəyişdi”
MCP rəsmisi Türkiyənin hərbi-strateji qüdrətinin Cənubi Qafqazdakı balansları rəsmi Bakının xeyrinə necə dəyişdiyini konkret xronologiya ilə əsaslandırıb:
“Məhz qardaş Türkiyənin 2015-ci ildən etibarən qətiyyətli hərbi və siyasi gedişlərlə regional güc olması, 2020-ci ildə Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərin və hərbi balansın Azərbaycanın xeyrinə köklü şəkildə dəyişməsinə birbaşa səbəb oldu. 44 günlük Vətən müharibəsində və ondan sonrakı regional nizamın qurulmasında bu qardaşlıq dəstəyi sarsılmaz bir sipərə çevrildi. Türkiyə gücləndikcə Azərbaycan güclənir, Azərbaycan gücləndikcə Türk dünyası regionda şərtləri diktə edən tərəfə çevrilir”.