Türk dünyası qlobal arenada… – Deputat

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr TC-nin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə Görüşündə iştirak ediblər.
Sosdem.az-a danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev bildirib ki, bu Zirvə görüşü Azərbaycanın regional liderlik mövqeyini bir daha təsdiqlədi.
“Türk dünyasının birliyində Azərbaycanın rolu getdikcə güclənir və bu, həm siyasi, həm də iqtisadi sahədə yeni imkanlar açır”, – millət vəkili əlavə edib.
Deputat qeyd edib ki, görüş Türk dövlətləri arasında həmrəyliyin, qarşılıqlı etimadın və ortaq gələcək vizyonunun möhkəmlənməsinə xidmət edir.
“Bu, Türk dünyasının qlobal arenada daha güclü bir aktora çevrilməsinin göstəricisidir, – MCP başqanı vurğulayıb.

Millət vəkilinin sözlərinə görə Zirvə dünyaya göstərir ki, Türk dövlətləri müstəqil siyasət yürüdən, ədalətli beynəlxalq nizamın tərəfdarı olan bir güc mərkəzinə çevrilir.
“Bu, sülhə, əməkdaşlığa və qarşılıqlı hörmətə çağırış mesajıdır, – partiya başqanı bildirib.