Turist narahat olursa, bu, onun problemidir – Deputat

Gəncədə müxtəlif ərazilərdə yerləşdirilən bütün şəhid lövhələri sökülüb. Bu barədə anews.az-a şəhid ailələrindən müraciət daxil olub.
Şəhid ailələri bildirib ki, Gəncə İcra başçısının onlarla görüşərək məsələnin mahiyyəti barədə məlumat verib.
Bir neçə şəhid ailəsi bildirib ki, lövhələr 2025-ci ildə Gəncədə keçirilməsi planlaşdırılan sayca III MDB Oyunları ilə bağlı sökülüb.
Gəncə icra hakimiyyətindən isə bildirilib ki, şəkillər yağıntıların və digər təbiət hadisələrinin təsirinə məruz qalaraq, tamamilə yararsız hala düşdüyü üçün şəhid ailələrinin razılığı ilə yığışdırılıb.
Məsələylə bağlı anews.az-a danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev hesab edir ki, dövlət şəhid lövlərinə olan diqqətlə bağlı məsuliyyəti Şəhidlər Xiyabanında öhdəlik götürməklə icra edir.
“Bu məsələ əvvəllərdə ciddi müzakirə olunurdu. Həmin lövhələr icra orqanlarınının nəzarətində olmayan şəhid lövhələridir. Həmin lövhələrə vaxtında diqqət ayrılmır. Bu məsələ dövlətin, bələdiyyənin himayəsində deyil. Günəş, yağış suları, palçıq həmin plakatları pis günə qoyur. Başqaları da çəkib sosial şəbəkələrdə paylaşırlar. Bunun üçün dövlət xüsusi yerlər ayırıb. Əslində MDB oyunları üçün sökülməni məntiqli hesab etmirəm. Gələn xaricilər də görməlidir ki, torpaq uğrunda şəhid olanlar var. Turist gəlib şəkilə baxıb narahatlıq çəkirsə bu onun problemidir. Bunun səbəb saymıram. Məntiqli düşüncə deyil”, – deputat bildirib.
