Xəbərlər

Tural İrfan: “Bu gün də təxribatçı, revanşizmə xidmət edən qüvvələrlə məhz katolikosların görüşməsi məsələləri gərginliyə çəkmək məqsədi güdür”

Aprelin 16-da bütün ermənilərin katolikosu II Qaregin Eçmiədzində Avropa İttifaqının Ermənistan Respublikasındakı vətəndaş müşahidə missiyasının rəhbəri Markus Ritteri qəbul edib.

Bütün ermənilərin katolikosu Markus Ritterin bütün ermənilərin mənəvi mərkəzinə səfərini alqışlayıb və qeyd edib ki, bu görüş Aİ-nin müşahidə missiyasının həll etdiyi vəzifələrlə tanış olmaq üçün yaxşı fürsətdir.

Katolikos mövcud gərginlikdən və sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin təhlükəsizliyindən narahatlığını bildirib.

II Qaregin mövcud çətin vəziyyətdə dost ölkələrin və beynəlxalq strukturların dəstəyi ilə regionda sülhün və sabitliyin bərpası üçün göstərilən bütün səyləri yüksək qiymətləndirib.

Öz növbəsində, Aİ-nin müşahidə missiyasının rəhbəri müşahidə missiyasının fəaliyyəti və sərhəd vəziyyəti haqqında məlumat verib və əmin edib ki, missiya sərhəddəki gərginliyin azaldılması və Ermənistanın sərhədyanı rayonlarında sabitliyin bərqərar olması üçün əlindən gələni edəcək.

Erməni katolikosu odioz bir şəxs kimi tanınır. Bütün fəaliyyəti boyu onun erməniləri sülhə deyil, revanşa hazırladığının şahidi oluruq. Avropa missiyasının rəhbərinin belə reputasiyada olan bir dini liderlə görüş keçirmək zərurəti nədən ortaya çıxıb?

Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa missiyasının erməni katolikosu ilə görüşməsi təxribat xarakteri daşıyır: “Mən əvvəl səsləndirdiyim fikirlərin üstündə duraraq bildirmək istəyirəm ki, Ermənistanı dəstəkləyən Avropa və Qərb dövlətlərindən hansılarsa dərin dövlət ideologiyasında səlibçilik təfəkkürünü əsas götürürlər: “Çünki müasir xristianlıqla və əksər Avropa ölkələrində üzdə görünən tolerantlıq missiyası ilə yox, ideoloji dərin dövlət prizmasından yanaşanda, səlibçilik təfəkkürü onların hər birində üzə çıxır.

Qurani Kərimin yandırılması, islamofobiya məsələləri, müsəlmanlara qarşı göstərilən təzyiqlər mütəmadi şəkildə, Fransa başda olmaqla, Avropa ölkələrinin əksəriyyətində özünü büruzə verir. Bir qədər bundan əvvəl Avropa ölkəsi olmayan Kanadanın nümayəndəsinin də Ermənistanda həmin missiyaya qoşulması bunu təsdiq edir. Erməni kilsəsi hər zaman revanşa, işğalçılığa, “ Böyük Ermənistan“ ideologiyasına təhrik etdiyinə görə, bu gün katolikosla olan görüşün də təxribat məqsədli olduğunu açıq-aydın görsənir. Həmin missiyanın oradakı fəaliyyəti Azərbaycanla Ermənistanın münasibətlərinin düzəlməsinə, sülh prosesinə xidmət etmir. Əksinə, revanşizmə xidmət edir. Həmin missiyanın orada yerləşdiyi ərəfədə Ermənistan Qazax rayonunun kəndlərini, Sədərəkin kəndini qaytarmaqdan imtina etdi. Əgər, həmin missiyanın fəaliyyəti müsbət olsaydı, bu məsələdə onların da Ermənistana təsirləri özünü göstərərdi.

Bu məsələlər təsdiq edir ki, bu gün də təxribatçı, revanşizmə xidmət edən qüvvələrlə məhz katolikosların görüşməsi məsələləri gərginliyə çəkmək məqsədi güdür. Əgər bu hadisə Azərbaycanda olsaydı, həmin an islamafobiya, radikalizm, dinin dövlətə, siyasətə qarıması kimi fikirlərlə Azərbaycanı şantaj edərdilər. Ancaq bu gün Ermənistan katolikosunun Avropa missiyası ilə görüşməsi təqdirəlayiq deyil, əksinə, tənqidə layiqdir. Erməni katolikosunun bir din xadimi olaraq sülhə, barışığa, torpaq iddialarından əl çəkməyə çağırmaq əvəzinə, həmin missiya ilə görüşüb müzakirələr aparması onu göstərir ki, Azərbaycana, türk dünyasına qarşı Ermənistanın revanşist qüvvələrinin hazırladığı təxribat planına rəvac verir. Eyni zamanda, Avropadan gəlmiş həmin dırnaqarası missiyanın üzvləri də, Kanadadan yeni gəlmiş missionerlər də səlib yürüşünün Ermənistan qolunu idarə etməyə çalışırlar. Türkiyəyə, Azərbaycana qarşı torpaq iddiaları belə həmin proqramın tərkib hissələridir və Avropanın təhrik etdiyi məsələlərdir. Bir qədər bundan əvvəl də Avropada bir qətnamə qəbul olundu. Guya Azərbaycanda erməni kilsələrinə, xristian abidələrinə baxımsızlıq var, onların dağıdılmasına şərait yaradılıb.

Bunların hamısı onu təsdiq edir ki, müsəlmanları, türk dünyasını, Azərbaycanı hədəf götürərək, özləri din missiyasından istifadə edirlər. Din pərdəsi adı altında təxribatlar törədirlər və həmin təxribatçılarla da görüşlər keçirirlər. Hesab edirəm ki, Azərbaycanın da Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Milli Məclisin dini komitəsi bu məsələlərə adekvat, operativ cavab verməlidir. Ən azından, dərhal münasibət bildirməlidirlər. Bu məsələlər hansısa müstəqil ekspertlərin, mətbuat orqanlarının dilindən yayılmaqdan əlavə, yüksək səviyyədə bəyanatla etiraz nümayiş olunmalıdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu