Xəbərlər

TRIPP böyük güclərin rəqabət meydanına çevrilir… – Analitik

Ermənistan parlamentinin oktyabrın 28-də TRIPP layihəsi ilə bağlı ABŞ-la çərçivə sazişini ratifikasiya etməsi layihənin Ermənistanda həyata keçirilməsi üçün hüquqi bazanın yaradılması və praktiki addımların atılması baxımından mühüm hadisədir. Lakin ratifikasiya layihənin praktiki icrasına dərhal başlanılması demək deyil. Səsvermənin nəticələri də göstərir ki, layihə Ermənistan daxilində birmənalı qarşılanmır və siyasi maneələr qalır.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi analitik Vüqar Dadaşov TRIPP layihəsinin ratifikasiyası, regional güclərin reaksiyası və Azərbaycanın tranzit maraqlarını şərh edərkən bildirib.

ABŞ-Rusiya-İran xəttində geosiyasi ziddiyyətlər

Politoloq müavini regional aktyorların layihəyə yanaşmasını və tərəflər arasındakı müqaviməti diqqətə çatdırıb:

“TRIPP iqtisadi, nəqliyyat, tranzit və infrastruktur layihəsi kimi təqdim olunsa da, faktiki olaraq böyük güclər arasında geosiyasi rəqabət platformasına çevrilib. Layihənin gələcəyi təkcə infrastrukturun qurulmasından deyil, regionda təsir və nəzarət imkanlarının bölüşdürülməsindən də asılıdır. İran Ermənistan ərazisində ABŞ-a məxsus hərbi qüvvələrin və ya digər hərbi birləşmələrin yerləşdirilməsinə qarşı çıxaraq təhlükəsizlik mexanizmlərində Rusiyanın rolunun qorunmasını müdafiə edir. Eyni zamanda, ABŞ-Rusiya münasibətlərində mümkün sövdələşmələrin və qlobal yanacaq bazarındakı proseslərin regional geosiyasi gedişata təsiri istisna edilmir”.

Azərbaycanın Çin və Hindistanla genişlənən əlaqələri

MCP rəsmisi Azərbaycanın Orta Dəhliz çərçivəsində artan geosiyasi çəkisini və orta güc statusunu vurğulayıb:

“Azərbaycanın Çinlə, ardınca isə Hindistanla əlaqələrini genişləndirmək istiqamətində atdığı addımlar Orta Dəhlizin, Zəngəzur istiqamətinin və ölkəmizin tranzit imkanlarının əhəmiyyəti ilə birbaşa bağlıdır. Bu proseslər, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində orta güc statusunu möhkəmləndirmək siyasətinin tərkib hissəsidir. Ermənistanın dəmir yolu ilə yanaşı digər tranzit xətlərini nəzərdən keçirməsi isə uzunmüddətli texniki, maliyyə və hüquqi prosedurlar tələb edir. Siyasi bəyanatları praktik icra ilə eyniləşdirmək olmaz”.

İrəvan daxilindəki siyasi müqavimət və Bakının əsas prioriteti

Ekspert Ermənistan daxilindəki ziddiyyətləri və Azərbaycan üçün əsas hədəfi önə çəkərək fikirlərini yekunlaşdırıb:

“Ermənistan daxilində TRIPP-ə qarşı siyasi müqavimət qalmaqdadır. Revanşist qüvvələrin fəallaşması, xaricdəki erməni diasporunun və kilsənin proseslərə müdaxiləsi layihənin həyata keçirilməsinə ciddi çətinliklər yaradır. Böyük güclər arasındakı rəqabət, Rusiyanın cəlb olunma ehtimalı və İranın etirazları layihənin gələcəyini qeyri-müəyyən saxlayır. Yeni geosiyasi və regional reallıqlar fonunda Azərbaycan üçün isə əsas hədəf ölkənin əsas ərazisi ilə Naxçıvan arasında etibarlı, fasiləsiz bağlantının təmin edilməsidir. Yəni, TRIPP-in real əhəmiyyəti Azərbaycanın milli maraqlarının kəsişməsindən keçir”.

Bir cavab yazın

Back to top button