Trampın “Venesuela ssenarisi” İranda baş tutacaq? – Politoloq

Trampın İranda “Delsi Rodriges” planı mümkün deyil: Rejim dəyişikliyi olmadan hər hansı fiqurun hakimiyyətə gətirilməsi dayanıqlı loyallıq yarada bilməz.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov ABŞ-nin İranla bağlı strateji planlarını və mümkün quru əməliyyatlarını təhlil edərkən deyib.
İranın hərbi-ideoloji quruluşunun Venesuela və ya Əfqanıstan nümunələri ilə müqayisəsinin uyğunsuzluğunu, həmçinin regionda koalisiya formasında genişlənən hərbi hazırlıqları diqqətə çatdıran Analitik vurğulayıb ki, İran hərbi potensialı və milli müqavimət ruhu ilə digər regionlardan kəskin fərqlənir:
“Donald Trampın İranda ‘Delsi Rodriges’ planının realizəsi mümkün deyil. İran hərbi potensialına, böyük ərazisinə və siyasi-ideoloji quruluşuna görə Venesueladan kəskin fərqlənir. Venesuela xalqı və ordusu ABŞ-la döyüşmək istəmirdi, çünki ortaq Qərb dəyərlərinə malik idilər. İran isə tamamilə fərqli sivilizasiya və islam mədəniyyətinə malikdir. İranda SEPAH siyasi səhnədən getmədən, sistem dəyişikliyi olmadan ABŞ-la sövdələşməyə gedən hər hansı fiqurun hakimiyyətdə saxlanması qeyri-mümkündür”.
Ekspertin fikrincə, dini liderin hədəf alınması İran cəmiyyətində gözləniləndən daha böyük müqavimət yaradıb:
“Ali dini lider Əli Xameneinin İsrail və ABŞ tərəfindən öldürülməsini etnik mənsubiyyətindən asılı olmayaraq İran əhalisi özünün şəxsi alçaldılması hesab edir. Xameneinin ölümündən əvvəlki tövsiyələri cəmiyyətdə ciddi müqavimət enerjisi toplayıb. Bu kontekstdə Əfqanıstan nümunəsi xatırlanmalıdır: ABŞ regionu tərk etdikdən sonra Taliban dərhal hakimiyyətini bərpa etdi. İranda da rejim dəyişikliyi xalqın ideoloji düşüncəsindən imtina etməsinə imkan vermir”.

MCP rəsmisi proseslərin artıq hava zərbələri mərhələsini keçdiyini və quru əməliyyatlarının qaçılmaz olduğunu qeyd edib:
“İranın müqavimətini qırmaq quru əməliyyatlarını mütləq zərurətə çevirir. ABŞ Yaxın Şərqə 3000 elit hərbçi göndərir, İsrail isə 400 min ehtiyat əsgəri səfərbər edir. Səudiyyə Ərəbistanı və BƏƏ-nin də əməliyyatlara qoşulma ehtimalı var. Digər tərəfdən, Şimali Koreya və Hüsilərin İrana hərbi dəstəyi mümkündür. Proseslər göstərir ki, İrana qarşı koalisiya formasında müxtəlif istiqamətlərdən quru hücumları güclənir. Əməliyyatlar ilk olaraq Xark və Hörmüz ətrafı əraziləri əhatə edə bilər ki, bu da dünya üçün real təhlükədir”.