Xəbərlər

Trampın “KQB keçmişi” NATO-nu parçalayır… – Analitik

ABŞ-nin İrana qarşı hərbi kampaniyasında NATO ölkələrinin öz müttəfiqlik öhdəliklərindən yayınması və Vaşinqtona dəstək verməməsi müasir geosiyasətin ən ciddi parçalanma nöqtələrindən biridir. Bu etinasızlıq təkcə İranla bağlı deyil, Tramp administrasiyasının NATO daxilində yaratdığı dərin etimad böhranının, enerji bazarlarındakı maraq toqquşmalarının və strateji yanlışlıqların birbaşa nəticəsidir.

Bu analitik qənaətləri Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov ABŞ-İran gərginliyində NATO-nun mövqeyini Sosdem.az-a şərh edərkən deyib.

Politoloq bildirib ki, müttəfiqlərin geri çəkilməsinin arxasında bir neçə fundamental səbəb dayanır:

“Birincisi, Tramp bu müharibə qərarını NATO ilə razılaşdırmadan, təkbaşına verib. İkincisi, bu kampaniyanın İsrail baş naziri Netanyahu ilə koordinasiyalı aparılması Avropa paytaxtlarında ehtiyatlılıq yaradıb. Ən mühüm faktorlardan biri isə Trampın Kremlə bağlılığı ilə bağlı səslənən ciddi iddialardır. Trampın NATO-nu zəiflədən addımları və Rusiya-Ukrayna müharibəsinə yanaşması Avropanı ABŞ-ın strateji hədəflərini şübhə altına almağa vadar edib. Bu müharibənin yaratdığı enerji gərginliyi Rusiyanın neft və qazına tələbatı artırır, bu isə Kremlin geosiyasi mövqeyini gücləndirən amildir”.

Siyasi şərhçi qeyd edib ki, Vaşinqtonun müttəfiqlərinə qarşı ərazi iddiaları və təhdidləri etibarı tamamilə sarsıdıb:

“Trampın Danimarkaya qarşı Qrinlandiya iddiaları, Kanada, Kuba və Venesuela kimi ölkələrə qarşı qeyri-ciddi təhdidləri beynəlxalq arenada ona olan inamı minimuma endirib. Avropa ölkələri anlayır ki, NATO-nun 5-ci maddəsi yalnız müdafiəni nəzərdə tutur; hücum edən tərəfə dəstək öhdəliyi yoxdur. Trampın Ukraynaya dəstəkdə əngəllər yaratmaqla Avropanı Rusiya qarşısında tək qoymaq planı əks-effekt verdi. Avropa artıq öz təhlükəsizliyini müstəqil təmin etmək üçün Almaniyanın rəhbərliyi ilə yeni ittifaq formalaşdırır”.

Sonda MCP rəsmisi vurğulayıb ki, bu proseslər ABŞ-ın qlobal liderlik imicinə uzunmüddətli zərbə vurub: “NATO-nun bu mövqeyi Trampdan sonrakı dövrdə də ABŞ-a olan etimadı bərpa etməyi çətinləşdirəcək strateji bir nəticədir”.

Bir cavab yazın

Back to top button