Xəbərlər

Tramp Rusiyaya əlavə imkanlar yaradır… – ŞƏRH

Ukrayna təkcə öz azadlığı uğrunda deyil, bütün Avropa naminə mübarizə aparır.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov bildirib.

Ekspertin sözlərinə görə, inkar edilməz faktdır ki, Ukrayna, əslində, Rusiya kimi imperialist düşüncəli bir dövlətlə yalnız öz azadlığı uğrunda mübarizə aparmır:

“Bu reallığı nə qədər acı olsa da qəbul etmək vacibdir. Əgər Rusiya Ukraynada istədiyinə nail olarsa, istər razılaşmalarla rəsmiləşdirilsin, istərsə də status-kvo əldə olunsun, bu, ilk növbədə, keçmiş sovet respublikaları və Avropa üçün böyük bir real təhlükə yaradacaq. Bu gün Ukrayna, əslində, həm keçmiş sovet respublikaları, həm də bütövlükdə Avropa uğrunda mübarizə aparır. Əgər Rusiya Ukraynada qələbəsini qəbul etdirə bilsə, onun növbəti hədəfi keçmiş sovet respublikaları deyil, məhz Avropa İttifaqı ölkələri olacaq. Rusiya həm Ukrayna müqavimətini, həm də öz insani resurslarını nəzərə alaraq, məhz Aİ dövlətlərindən başlaya bilər. Ən təhlükəlisi isə budur ki, əgər Rusiya Aİ-yə üzv dövlətlərdən ən azı birini nəzarətinə götürə bilsə, keçmiş sovet respublikalarının könüllü şəkildə yenidən Rusiya orbitinə qayıtmasına psixoloji zəmin yarada bilər,” – analitik deyib.

Politoloq həmçinin Trumpın Rusiya-Ukrayna müharibəsinə münasibətinə də toxunub.

“Tramp öz şəxsi ambisiyalarının girovuna çevrilib və “sülh tərəfdarı” obrazında çıxış etməyə çalışsa da, əslində, Rusiyaya əlavə imkanlar yaradır. Tramp Ukrayna müharibəsinin nəticələrini çox yaxşı anlayır. Lakin onun əsas məqsədi Ukrayna ilə təbii ehtiyatlarla bağlı müqavilələrdə üstünlük qazanmaq, həmçinin Ukraynaya verilən hərbi dəstəyin dəyərinin geri ödənilməsinə nail olmaqdır. Digər tərəfdən, ABŞ prezidenti Rusiyanı Çindən uzaqlaşdırmaq istəyi də Ukraynanın maraqlarını ABŞ üçün ikinci plana keçirib. Ağ ev rəhbəri Rusiya ilə keçmişdən qalma müəmmalı münasibətləri barədə müxtəlif məlumatlar mövcuddur. Trampın fəaliyyətinə nəzər salsaq, onun bir sıra addımlarının Rusiyanın maraqlarına xidmət etdiyini görmək mümkündür. Bu baxımdan, Donaldın isti münasibətlərdə olduğu digər dövlətlər də Rusiya-Ukrayna müharibəsinin perspektivlərini, onun hakimiyyətdə olduğu və ya olmadığı dövrlərdə fərqli prizmadan qiymətləndirməlidir,” – MCP rəsmisi bildirib.

Şərhçinin sözlərinə görə, əgər Trumpın prezidentliyi dövründə Rusiya istədiyinə nail olarsa, gələcəkdə ABŞ-da kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Moskvanın təcavüzkar siyasəti davam edəcək.

“Ukraynanın qələbəsi müharibənin ədalətli sonu üçün əsas şərtdir. Trampın bu gün Ukraynaya təklif etdiyi güzəştlər əslində, təkcə Ukraynanın deyil, bütün keçmiş sovet respublikalarının və Avropa İttifaqının məğlubiyyəti anlamına gələ bilər. Bu, Rusiyanın həm psixoloji, həm də geosiyasi qələbəsi olardı. Avropa İttifaqının mövqeyi ABŞ və Donald Trumpdan fərqli olaraq, Rusiyanın gələcəkdə daha da aqressivləşməsinin qarşısını almağa yönəlib. Rusiya Ukraynada istədiklərinə nail olarsa, bu, təkcə keçmiş sovet respublikaları üçün deyil, bütövlükdə Avropa İttifaqı və ümumilikdə dünya üçün real təhlükəyə çevriləcək. Bu halda Rusiya beynəlxalq miqyasda müəyyən hegemonluq iddiası ilə çıxış edə bilər,” – başqan müavini deyib.

Politoloq həmçinin bəzi dairələrdə səsləndirilən “Trump ilə Putin arasında Çinə qarşı gizli sövdələşmə” iddialarına da münasibət bildirib.

“Bu cür versiyalar, mənim fikrimcə, əsassızdır. Belə ehtimalların ortaya atılmasında məqsəd Trampın Rusiyaya yönəlik yumşaq siyasətinə haqq qazandırmaqdır,” – Vüqar Dadaşov vurğulayıb.

Bir cavab yazın

Back to top button