Tramp-Putin sazişi: Ukraynanın təslimiyyəti – Ekspert

Donald Tramp administrasiyasının Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı irəli sürdüyü 28 bəndlik saziş ciddi müzakirələr doğurub.
Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi, Vüqar Dadaşov Sosdem.az-a bildirib ki, bu sənəd mahiyyətinə görə “heç bir halda sülh sazişi adlandırıla bilməz”.
Dadaşov deyib ki, sözügedən sənəd Ukrayna üçün “məğlubiyyət, kapitulyasiya və açıq-aşkar təslim aktı”dır.
“Bu gün Ukraynanın belə bir sazişə məcbur edilməsi göstərir ki, Donald Tramp və Vladimir Putin bir növ müttəfiq kimi çıxış edir və Ukrayna xalqını qəbulolunmaz bir sənədə təzyiq altında razı salmağa çalışırlar. Hətta bəzi ABŞ senatorlarının açıqlamalarına görə, təqdim olunan sənədi Tramp administrasiyası yox, birbaşa Moskva hazırlayıb”, – MCP rəsmisi qeyd edib.
Onun sözlərinə görə, hazırkı prosesdə Donald Tramp faktiki olaraq Putinlə “işğalçı qismində eyni cəbhədə dayanır”.
Ekspert bildirib ki, Tramp daha əvvəl Ukraynanın təbii sərvətləri ilə bağlı müqavilələr əldə etməklə, indi isə sülh danışıqlarında Rusiyanın mövqeyini gücləndirməklə “müharibənin real qalibi” rolunda çıxış edir.
“Nəticədə ABŞ Ukraynanı Rusiyaya qarşı geri çəkilməyə məcbur edir. Vaşinqton isə NATO müttəfiqlərinin mövqelərini nəzərə almadan tarixi səhvə yol verir”, – politoloq vurğulayıb.

“ABŞ-nin zəmanəti daha etibarlı olmayacaq”
MCP başqan müavini xatırladıb ki, 1994-cü ildə imzalanan Budapeşt Memorandumu çərçivəsində ABŞ, Böyük Britaniya və Rusiya Ukraynanın təhlükəsizliyinə zəmanət vermişdi, lakin nəticə ortadadır.
“Bu üç dövlətin verdiyi zəmanətlər Ukraynanı qorumağa yetmədi. Buna görə də heç kim ABŞ-ın yeni zəmanətinin işlək olacağına inanmaz.”
Şərhçi hesab edir ki, Zelenskinin bu sazişin məzmununu ictimaiyyətə açıqlaması əslində Ukraynaya yönələn əsas təhlükənin yalnız Rusiyadan deyil, artıq müəyyən mənada ABŞ-dan gəldiyini göstərmək məqsədi daşıyır:
“Ukrayna xalqı belə bir məğlubiyyəti mental olaraq qəbul etməyəcək. Bu sənəd Ukraynanın yalnız məğlubiyyəti deyil, həm də xalqın alçaldılması, dövlət suverenliyinin formal şəkildə əlindən alınması kimi qiymətləndirilir.”
“Zelenski istefa verə bilər”
Vəziyyətdən çıxış yollarına toxunan MCP rəsmisi bildirib ki, Ukrayna heç zaman belə bir kapitulyasiya aktına imza atmamalıdır:
“Ukrayna ərazi bütövlüyündən, suverenliyindən imtina edə bilməz, heç bir dövlətin ‘əyalətinə’ çevrilə bilməz. Bu, dövlətçiliyin və milli kimliyin sonu deməkdir.”
Dadaşov hesab edir ki, ən optimal variant Zelenskinin istefası və yeni seçkilərin keçirilməsi ola bilər:
“Bu yolla Zelenski həm məsuliyyəti üzərindən ata, həm də ölkəyə zaman qazandıraraq siyasi manevr imkanlarını genişləndirə bilər. Axı Donald Tramp əbədi deyil.”
“Trampın siyasəti ABŞ-ın qlobal gücünü çökdürə bilər”
Ekspert qeyd edib ki, Vaşinqtonun Ukrayna məsələsində “zorakı vasitəçi” rolunda çıxış etməsi ABŞ-ın qlobal imicinə ağır zərbə vurur və NATO daxilində etimadsızlıq yaradır:
“Bu addım ABŞ-dan uzaqlaşma prosesini sürətləndirə bilər. Artıq Almaniyanın Avropada yenidən aparıcı hərbi gücə çevrilməsi də bu prosesin nəticəsidir.”
O, eyni zamanda bildirib ki, Trampın bu siyasəti Çinin daha da güclənməsi üçün geniş imkanlar açır.
“Belə vəziyyətdə Trampın hakimiyyətdə qalması Ukrayna üçün deyil, ABŞ-ın özünün qlobal güc mövqeyini qoruması üçün kritik faktora çevrilir.”, – Vüqar Dadaşov əlavə edib.