Torpağı olan kəndli sosial yardım ala bilmir, torpaq isə onu doyurmur… – Deputat

“Kənd təsərrüfatında tətbiq olunan rəqəmsal modullar və süni zəka xidmətləri sadə kəndli üçün ay və ulduz qədər əlçatmazdır. Biz planlı istehsal yox, təsadüfi istehsal modeli ilə üz-üzəyik”.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Milli Məclisdə kənd təsərrüfatında süni intellektin tətbiqinə dair keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Millət vəkili sahədəki rəqəmsal transformasiyanı təqdir etsə də, real mənzərənin təqdimatlardan fərqli olduğunu vurğulayıb.
“Niyə hələ də kartof və buğdanı idxal edirik?”
MCP başqanı dövlət proqramlarına və ayrılan vəsaitlərə rəğmən ərzaq asılılığının qalmasını tənqid edib:
“Niyə torpağı olan ölkə bazarda kartof, soğan və buğda qiymətlərinin dalğalanması ilə üz-üzə qalır? Məsələ ondadır ki, sistemli və uzunmüddətli planlaşdırma yoxdur. Fermer hansı məhsulun ölkəyə lazım olduğunu bilmir; keçən il nə baha olubsa, onu əkir. Nəticədə bir il məhsul bolluğundan qiymət düşür və fermer müflis olur, növbəti il isə qıtlıq yaranır və idxaldan asılı qalırıq.”
“Rəqəmsal xidmətlər fermerə yox, aqroparklara xidmət edir?”
Deputat 30 modul üzrə təqdim olunan süni intellekt xidmətlərinin əhatə dairəsini sual altına qoyub:
“Təqdimat zallarında hər şey rəngli və mükəmməl görünür. Amma o rənglər kənddə yaşayan sadə fermerə çata bilmir. Bu xidmətlərdən yüz minlərlə fermer yararlanır, yoxsa yalnız iri aqroparklar? Bölgələrdə müşahidə edirəm ki, sadə zəhmət adamının bu texnologiyalara çıxışı demək olar ki, yoxdur.”

Torpaqların parçalanması və sosial ədalətsizlik
Parlamentari torpaq islahatındakı boşluqlara və koordinasiya çatışmazlığına da toxunub:
Xırda təsərrüfatlar: “Parçalanmış torpaq sahələri ilə yüksək məhsuldarlıq mümkün deyil. Müasir kooperativ təsərrüfatlar yaradılmalı, pay torpaqları bu prosesə cəlb olunmalıdır.”
Sosial təzad: “Torpağı olan ailə ünvanlı sosial yardım ala bilmir. Bəs o xırda torpaq sahəsi ailəni il boyu dolandıra bilirmi? Kənd Təsərrüfatı Nazirliyi ilə ƏƏSMN arasında süni zəka əsaslı avtomatlaşdırılmış koordinasiya qurulmalıdır.”