Xəbərlər

“Tıxac və infrastruktur problemləri kritik həddə çatıb” – Deputat

“Ölkə başçısı İlham Əliyevin nəqliyyat sektorundakı mövcud çatışmazlıqları sərt şəkildə tənqid etməsi və bu sahədəki problemləri açıq müstəviyə çıxarması, məsələnin həlli üçün ən mühüm siyasi iradənin ortada olduğunu sübut edir. Prezidentin bu məsələyə şəxsən toxunması bir tərəfdən ümidverici məqamdırsa, digər tərəfdən məsul qurumlara verilmiş ciddi bir xəbərdarlıqdır”.

Bu fikirləri Sosdem.az-a Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev mövzu ilə bağlı verdiyi açıqlamada vurğulayıb.

Deputat bildirib ki, illərdir yığılıb qalan tıxac və infrastruktur problemləri artıq kritik həddə çatıb:

“Biz indiyə qədər müxtəlif instansiyaların bu barədə hesabatlarını dinləmişik, amma etiraf etməliyik ki, quru rəqəmlər küçələrdəki reallığı dəyişmirdi. İnsanlar saatlarla tıxaclarda qalır, plansız yol təmirləri ucbatından gündəlik həyat ritmləri pozulur. İctimai nəqliyyat sistemi hələ də vətəndaşın ehtiyaclarını tam qarşılamır, qurumlararası rabitəsizlik isə vəziyyəti daha da qəlizləşdirir. Prezidentin məsələyə müdaxiləsi göstərir ki, artıq sadəcə ‘hesabat xatirinə iş görmək’ dövrü bitib”.

Millət vəkili qeyd edib ki, əsas hədəf kağız üzərindəki proqramları real işə çevirmək olmalıdır:

“Yol təmiri və bərpa işləri vətəndaşların ən intensiv hərəkət etdiyi saatlarda deyil, dünya təcrübəsində olduğu kimi gecə saatlarında həyata keçirilməlidir.

Kommunal və nəqliyyat qurumları bir-biri ilə sinxron hərəkət etməli, birinin çəkdiyi yolu digəri qısa müddət sonra qazmamalıdır.

Avtobus və metro şəbəkəsi elə qurulmalıdır ki, vətəndaş şəxsi avtomobilindən könüllü şəkildə imtina edə bilsin”.

MCP başqanı deyib ki, təsdiqlənən yeni proqram və irəli sürülən tələblər konkret nəticələrə hədəflənib.

“İndi top icraçı məmurların meydançasındadır. Cəmiyyət artıq vədlərdən yorulub, hər kəs evindən işinə rahat gedib-gəlmək, yollarda vaxtını itirməmək istəyir. Ümid edirəm ki, bu yüksək səviyyəli iradə məmurların iş üslubunda inqilabi dəyişikliklərə yol açacaq”, – deputat əlavəv edib.

Bir cavab yazın

Back to top button