Xəbərlər

TƏBİB-də “kadr inqilabı” sistemin “xəstə” olduğunun etirafıdır… – Deputat

Son qərarlar, Xalid Əhədovun təyinatı əslində sistem daxilində müəyyən dəyişikliklərə ehtiyacın artıq açıq şəkildə qəbul edildiyini göstərir. Amma əsas sual hələ də eyni qalır: bu dəyişikliklər real dönüş yaradacaqmı?

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Globalinfo.az-a  Xalid Əhədovun TƏBİB-in Müşahidə Şurasının sədri təyin olunması ilə bağlı deyib.

Millət vəkili qeyd edib ki, TƏBİB-in fəaliyyəti ətrafında müzakirələr təsadüfi deyil:

“Səhiyyə sahəsində bu gün ən ciddi problem ikitirəlik və dağınıqlıqdır. Formal olaraq mərkəzləşmiş siyasət mövcuddur, lakin praktikada koordinasiya zəifdir. Eyni sahəyə cavabdeh olan bir neçə qurumun mövcudluğu səlahiyyətlərin üst-üstə düşməsinə, məsuliyyətin isə yayılmasına gətirib çıxarır. Nəticədə sistem işləyir kimi görünür, amma effektiv deyil. Bu isə birbaşa vətəndaş məmnuniyyətinə təsir edir və narazılığı artırır. Digər ciddi məsələ səhiyyəyə yanaşmanın mahiyyətidir. Təəssüf ki, sistem getdikcə sosial xidmət modelindən uzaqlaşaraq daha çox biznes modelinə yaxınlaşır. Pasiyentə xəstə kimi deyil, potensial gəlir mənbəyi kimi baxılması cəmiyyətdə böyük etimadsızlıq yaradır. İcbari tibbi sığorta sistemi tətbiq olunsa da, bu, hələ də vətəndaşların gözləntilərini qarşılamır, onları real mənada “rahat” və “təhlükəsiz” hiss etdirmir”.

MCP başqanı bildirib ki, xəstəxanalarda isə başqa bir problemli mühit formalaşıb:

“İdarəçilik çox vaxt peşəkarlıq üzərində deyil, qeyri-rəsmi münasibətlər, qruplaşmalar və müəyyən şəxslərin hegemonluğu üzərində qurulub. Bu isə kollektiv daxilində sağlam mühitin pozulmasına, işçilərin sıxışdırılmasına və motivasiyanın aşağı düşməsinə səbəb olur. Az sayda tibb işçisinə qazanmaq üçün geniş imkan yaradıldığı halda, böyük əksəriyyət, əsasən də kiçik və texniki heyət çox aşağı əməkhaqqı ilə çalışır. Ona görə də sosial baxımdan ağır vəziyyətdə qalır. Eyni zamanda, rəhbər vəzifələrdə olan şəxslərin hamısının ədalətli və obyektiv davranmaması, peşəkarlığın, müasir idarəetmə bacarıqlarının yetərli səviyyədə olmaması problemi daha da dərinləşdirir. Hələ də “yaxşı həkim = yaxşı idarəçi” kimi yanlış yanaşma qalmaqdadır. Halbuki səhiyyə sistemi yalnız tibbi biliklə deyil, həm də ciddi idarəçilik bacarığı ilə idarə olunmalıdır. Regionlarda vəziyyət daha mürəkkəbdir. Rayon və kəndlərdə həm ixtisaslı həkim, həm də orta tibb heyəti çatışmazlığı var. Tibbi avadanlıq təminatı da yetərli deyil. Bu isə paytaxtla regionlar arasında səhiyyə xidmətlərinin keyfiyyətində ciddi fərq yaradır”.

Deputat, yeni rəhbərliyin qarşısında çox çətin, amma vacib bir vəzifənin dayandığını vurğulayıb:

“Xalid Əhədovun bu sistemi “sağalda bilməsi” yalnız fərdi bacarıqlardan asılı olmayacaq. Əsas məsələ bütövlükdə səhiyyə sistemində idarəçilik fəlsəfəsinin dəyişdirilməsidir. Şəffaflıq, ədalət, peşəkarlıq və vətəndaş yönümlü yanaşma real şəkildə tətbiq olunmadan kosmetik dəyişikliklər nəticə verməyəcək. Ümid edirəm, yeni rəhbərlik mövcud problemləri düzgün qiymətləndirərək qısa zamanda dönüş yaratmağa çalışacaq. Amma açıq demək lazımdır ki, sistem köklü şəkildə dəyişməsə, yanaşmalar yenilənməsə, struktur və idarəetmə islahatları dərinləşməsə, rəhbərin kim olmasından asılı olmayaraq ciddi, eləcə də davamlı nəticə əldə etmək çox çətin olacaq”.

Bir cavab yazın

Back to top button