Xəbərlər

“Tarixi sülh müqaviləsi Qəbələdə imzalana bilər” – MCP rəsmisi

“Paşinyanın seçki ərəfəsində Bakıya səfər etmək niyyətini açıq ifadə etməsi xüsusi siyasi əhəmiyyət daşıyır. Paşinyan erməni cəmiyyətinin sülh gündəminə dəstək vermədiyini düşünsəydi, məhz seçkiqabağı mərhələdə bu addımı atmazdı. Artıq Ermənistan cəmiyyətində 30 illik Qarabağ ideologiyası və mifləri dağılıb, insanlar regiondakı yeni geosiyasi reallığı qəbul edir”.

Bu fikirləri Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə Azərbaycan və Ermənistan arasında gedən etimad quruculuğu və sülh prosesini şərh edərkən bildirib.

De-fakto sülh və iqtisadi əməkdaşlıq: Neft ixracı və tranzit

MCP rəsmisinin təhlilinə görə, tərəflər arasında artıq real əməkdaşlıq mühiti formalaşıb:

“Hazırda iki ölkə arasında de-fakto sülh mühiti mövcuddur. Ticari əlaqələrin bərpası istiqamətində konkret addımlar atılır, tranzit yolları açılıb və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunur. Hətta Azərbaycandan Ermənistana neft məhsullarının ixracı həyata keçirilir. Prezident İlham Əliyevin İrəvandakı sammitə onlayn formatda qoşulması isə Azərbaycanın Ermənistandakı tədbirdə iştirakı və Bakının mühüm sülh mesajı kimi qiymətləndirilməlidir. Paşinyan seçki kampaniyasında Qarabağın heç vaxt Ermənistana aid olmadığını bəyan etməklə, uzun illər davam edən düşmənçilik siyasətindən uzaqlaşdığını nümayiş etdirir”.

Tarixi imza Qəbələdə ola bilər: Seçkidən sonrakı mərhələ

Politoloq qeyd edib ki, yekun sülhün hüquqi rəsmiləşdirilməsi Ermənistandakı seçkilərin və mümkün referendumun nəticəsindən asılıdır:

“Regionda yaranmış yeni reallıq əvvəllər ‘vətən xaini’ kimi damğalanmaq qorxusunu aradan qaldırıb. Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin seçkilərdən sonra imzalanması gözlənilir. Əgər Paşinyan seçkilərdə qalib gələrsə, tarixi sülh sənədinin Azərbaycanda, məsələn, Qəbələdə imzalanması tamamilə mümkündür. Paşinyanın geniş nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfəri və bu müqavilənin imzalanması Cənubi Qafqaz üçün yeni bir siyasi dövrün başlanğıcı olacaqdır”.

Bir cavab yazın

Back to top button