Təhsilin keyfiyyətində ciddi boşluqlar var – Deputat

Elm və Təhsil naziri Emin Əmrullayevin təhsil xərcləri və regional məktəblərin səmərəsizliyi barədəki çıxışını diqqətlə oxudum. Nazirin açıqlaması bölgələrdəki şagird sayı çox az olan məktəblərdə müşahidə edilən “qeyri-proporsional maliyyə yükünü” və verilən təhsilin keyfiyyətindəki ciddi boşluqları bir daha təsdiqlədi.
Sosdem.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili bildirib ki, xərclərin bəzi özəl Bakı məktəblərinin təhsil haqlarından yüksək olması və bəzi təhsil müəssisələrində əməkdaş sayının təhsil alanların sayını iki dəfə üstələməsi dövlət büdcəsi və resurslarının optimallaşdırılmasının nə qədər vacib olduğunu göstərir.
“Üç-dörd uşaqlı siniflərdə müasir və rəqabətədavamlı təlim mühiti yaratmaq çətin olduğu üçün, bu vəziyyət ixtisaslı kadrların səmərəli istifadəsinə mane olur və gənc nəslin öz potensialını tam reallaşdırmağa əngəl törədir”, – MCP başqanı deyib.
Deputat, bu məqamları nəzərə alaraq, nazirliyin gələn tədris ilindən etibarən az şagirdli məktəbləri əhatə edəcək “distant təhsilə keçid pilot layihəsini” irəliyə doğru atılan müasir və məntiqi bir addım kimi qiymətləndirib.
“Bu yanaşma, kiçik kəndlərdəki şagirdləri yalnız fiziki məktəb binası ilə məhdudlaşdırmadan, onlara genişləndirilmiş öyrənmə imkanları və daha yüksək ixtisaslı müəllimlərin təqdim etdiyi biliklərə çıxış imkanı verir”, – partiya başqanı əlavəv edib.

Millət vəkilinə görə, distant model sayəsində uşaqların təhsildən kənarda qalma riskinin qarşısı alınır və onların rahatlığı maksimum təmin edilir.
“İnanıram ki, islahatların təməlində resurslardan ağıllı istifadə edilməsi və bütün uşaqlar üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması dayanır. Milli Məclisdə bir millət vəkili olaraq, mən bu texnologiya əsaslı yenilikləri və təhsilin səmərəliliyini artıran bütün təşəbbüsləri dəstəkləyəcəyəm”, – Razi Nurullayev qeyd edib.