Təhsil sistemi əmək bazarının tələblərinə uyğun deyil – Deputat

“Beynəlxalq araşdırmalar göstərir ki, ali təhsil yalnız iş axtaran deyil, həm də iş yaradan məzunlar formalaşdırmalıdır. Lakin reallıq fərqlidir: məzunların böyük əksəriyyəti yeni biznes qurmaqdansa, mövcud iş yerlərinə daxil olmağa üstünlük verir”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
Statistika nə deyir? Muzdlu işçi yoxsa sahibkar?
Millət vəkili qeyd edib ki, universitet bitirənlərin sahibkarlığa meyli kifayət qədər aşağıdır:
“Müxtəlif tədqiqatlara görə, məzunların təxminən 90–95 faizi əmək bazarına muzdlu işçi kimi daxil olur. Yalnız 5–6 faizi öz biznesini qurur, universiteti bitirdikdən dərhal sonra sahibkarlığa başlayanlar isə cəmi 1 faiz təşkil edir. Bu o deməkdir ki, hər kəsdən iş yeri açmağı gözləmək real deyil, lakin uğurlu bir biznes yüzlərlə yeni iş yerinin yaranması deməkdir.”
Azərbaycandakı real vəziyyət: Problemlər nələrdir?
MCP başqanı Azərbaycanda məzunların iş tapmaqda çətinlik çəkməsinin əsas səbəblərinə də toxunub:
“Gənclərin işsiz qalması təkcə təşəbbüssüzlükdən deyil. Burada təhsil proqramları ilə əmək bazarı arasındakı uyğunsuzluq, praktik bacarıqların azlığı, startaplar üçün maliyyə imkanlarının məhdudluğu mühüm rol oynayır. Gənclərin ilkin kapitala çıxışı çətindir. Bizim hazırkı təhsil sistemimiz hələ də gələcəyin ‘iş yaradan’ məzunlarını yetişdirmək çağırışına tam cavab vermir.”

Ali təhsil sistemində strateji çağırış
Deputat vurğulayıb ki, universitetlər yalnız kadr hazırlayan müəssisə deyil, innovasiya mərkəzləri olmalıdır:
“Ali təhsilin qarşısında duran əsas vəzifə tələbələrdə sahibkarlıq düşüncəsini və innovativ təşəbbüsləri gücləndirməkdir. Universitetlər yaradıcı məzunlar yetişdirən mərkəzlərə çevrilməlidir. Bu baxımdan Firudin müəllimin səsləndirdiyi fikirlər maraqlı bir strateji çağırışdır, lakin bu çağırışı mövcud iqtisadi reallıqlarla uzlaşdırmaq lazımdır.”