Tədbirlər sərtləşdirilməlidir – Deputat taksilərdən danışdı

Taksi sürücüsünün psixoloji və fiziki vəziyyəti əsas şərtlərdəndir.
Bu səbəbdən, taksi sürücülərinin psixoloji və narkoloji testlərdən keçirilməsi insanların təhlükəsizliyi baxımındən çox vacibdir.
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Bakıvaxtı.az-a açıqlamasında, bu tədbirlərin sərtləşdirilməsinin zəruri olduğunu beyib.
“Eyni zamanda, bu tədbirlərin effektivliyi və nəzarət gücləndirilməlidir ki, tətbiq edilən qərarlar daha doğru və təsirli olsun. Taksi xidməti və taksi sürücülərinin işə götürülməsi ilə bağlı mövcud qanunvericilik aktları kifayət qədər sərtdir.
Bu sahədə ciddi nəzarət həyata keçirilir və taksi sürücüləri, eləcə də avtobus sürücüləri təlimlərə cəlb olunublar”, – deputat bildirib.

Onlara vətəndaşlarla davranış qaydaları, etika, estetika və digər yeni mədəni davranış qaydalarının öyrədildiyini söyləyən MCP başqanı əlavə edib ki, sürücülərin xasiyyətləri və onlara xas olan keyfiyyətlərin nələr olması barədə də təlimlər verilib.
“Sürücülər narkoloji testdən keçir və psixoloji sağlamlıqları ilə bağlı arayış təqdim edirlər. Ola bilsin ki, bəzi şəxslər sağlamlıq arayışlarını qanunsuz yollarla əldə edirlər, amma bu, artıq ayrı bir məsələdir. Mənim bildiyimə görə, əvvəllər mövcud olan problemlər demək olar ki, xeyli həll olunub”, – Millət vəkili qeyd edib.
Deputat, şikayətlərin aidiyyəti üzrə müraciət edilərək aydınlaşdırılmasının mümkün olduğunu vurğulayıb.
“Artıq qanunvericilik bu sahədə yerindədir və tətbiq olunmaqdadır. Taksi xidmətində də müsbət irəliləyişlər əldə olunub. Əgər problemlər hələ də qalırsa, bu məsələləri işçi qaydada müzakirə edib, müəyyən dəyişikliklərə getmək mümkündür. Lakin konkret olaraq, bununla bağlı faktlar ortada olmalıdır”,- R.Nurullayev deyib.