Xəbərlər

Təyyarə biletləri baha, sərhədlər bağlı, ziyalılar niyə susur? – Rafiq Daşdəmirli

Bu gün Gürcüstan və Azərbaycan arasında gediş-gəliş müşkülə çevrilib. Sərhədlər bağlıdır, təyyarə biletləri isə əl yandırır. Ən acınacaqlısı odur ki, Gürcüstanda doğulub burada yaşayan 200-ə yaxın soydaşımıza qonşu ölkəyə giriş qadağası qoyulub. Bəs bizim ziyalılarımız, vəzifədə olan Borçalı əsillilər niyə ağzına su alıb durublar?

Bu fikirləri Milli Cəbhə Partiyasının başqan müavini, ictimai-siyasi xadim Rafiq Daşdəmirli Sosdem.az-a açıqlamasında Borçalı soydaşlarımızın üzləşdiyi problemləri şərh edərkən deyib.

MCP funksioneri Azərbaycan və Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvləri Arzu Nağıyev və Savalan Mirzəyevə müraciət edərək, bu məsələnin hökumətlər səviyyəsində həllinə yardımçı olmalarını xahiş edib:

“Borçalı ziyalılarımız həm sovetlər dönəmində, həm də indi yüksək vəzifələrdə olublar. Amma onlardan biri qabağa düşüb burada yaşayan Borçalıları başına toplayıb bir iş görə bildimi? Sərhəddə soydaşlarımız incidilir, ‘Qırmızı körpü’ keçid məntəqəsindəki problemlər həll olunmur. Gürcüstanda yaşayan soydaşlarımız birtərəfli quru yolu ilə gedə bildikləri halda, Azərbaycanda yaşayan Gürcüstan vətəndaşları yalnız baha qiymətə təyyarə ilə getmək məcburiyyətindədir. Bu insanlara bir güzəşt edilə bilməzmi?”

Siyasətçi vurğulayıb ki, daxili parçalanma və biganəlik milli maraqlara zərbə vurur:

“Gürcülər də görür ki, bizim arxamızda duran yoxdur. Ona görə də məktəbləri bağlayır, kəndlərin adlarını dəyişirlər. İmkanlı həmyerlilərimizin restoranları, kafeləri çoxdur, amma onları vətəndən çox para maraqlandırır. ‘Elat bayramı’na gedənlərə qadağa qoyulur, qurumlar arası çəkişmələr isə birliyə mane olur. Bu gedişlə heç bir birlikdən söhbət gedə bilməz. Bu, hamımızın yaralı yeridir və mütləq aydınlıq gətirilməlidir”.

Bir cavab yazın

Back to top button