“Tərtər işi”ndə əsas meyar beynəlxalq hüquq normaları olmalıdır… – Deputat

“Avropa İnsan Hüquqları Məhkəməsinin ‘Tərtər işi’ ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlara başlaması fonunda, zərərçəkmiş hərbçilərə yerli məhkəmələr tərəfindən ödənilən kompensasiya məbləği ilə bağlı narazılıqlar tamamilə başa düşüləndir”.
Sosdem.az xəbər verir ki, bunu məlum məhkəmə çəkişmələri və kompensasiya iddiaları ətrafında yaranmış vəziyyəti Azadlıq radiosuna şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev bildirib.
Milət vəkili vurğulayıb ki, bu qəbildən olan həssas hüquqi proseslərdə maddi və mənəvi zərərin qiymətləndirilməsi hər zaman ciddi mübahisə doğuran məsələlərdən biridir.
“Məbləğlərin müəyyən edilməsində əsas istinad nöqtələri qlobal hüquq sisteminə söykənməlidir. Belə həssas işlərdə zərərin qiymətləndirilməsi hər zaman mübahisə doğurur. Burada əsas meyar beynəlxalq hüquq normaları, məhkəmə presedentləri və faktların obyektiv qiymətləndirilməsi olmalıdır. Əgər müəyyən edilərsə ki, ödənilən kompensasiyalar bu meyarlara tam uyğun deyil, onların yenidən nəzərdən keçirilməsi vacibdir”.

MCP başqanı qeyd edib ki, məsələyə sadəcə maddi tərəfdən yanaşmaq doğru deyil və cəmiyyətin hüquqa olan etimadı bu qərarlardan birbaşa asılıdır:
“Eyni zamanda, bu proses təkcə maddi məsələ deyil, həm də ədalətə inamın bərpası ilə bağlıdır. Ona görə də qərarların həm hüquqi əsaslı, həm də cəmiyyət üçün qəbulolunan olması ciddi meyardır”.