Xəbərlər

Şuşa Bəyannaməsi Ermənistandakı revanşist qüvvələrə ən ciddi ismarışdır… – Deputat

“2021-ci il iyunun 15-də azad Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi sadəcə iki ölkə arasında nizamlanan diplomatik sənəd deyil, Mustafa Kamal Atatürkün ‘Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir’ və Heydər Əliyevin ‘Bir millət, iki dövlət’ fəlsəfəsinin XXI əsrdəki mənəvi, hüquqi və hərbi-strateji təsdiqidir”.

Bu barədə Azərbaycan-Türkiyə strateji müttəfiqlik əlaqələrinin geostrateji əhəmiyyətini, sənədin regional güc balansına və iqtisadi inteqrasiyaya təsirlərini Sosdem.az-a dövlətçilik kontekstində şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev bildirib.

“Bu Bəyannamə Ermənistandakı Revanşist Qüvvələrə Ən Sərt və Vacib Mesajdır”

Millət vəkili qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycanın suverenliyini və dövlət sərhədlərini birbaşa beynəlxalq hərbi-siyasi təminat altına alan fundamental bir qalcandır:

“Prezident İlham Əliyevin də vurğuladığı kimi, yüz il əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edən bu Birgə Bəyannamə gələcək iş birliyimizin strateji istiqamətini göstərir. Dövlətçilik baxımından bu sənədin ən mühüm tərəflərindən biri Ermənistandakı revanşist qüvvələrə və onların arxasındakı güclərə verilən kəsərli mesajdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması və ya dövlət sərhədlərinə hər hansı təhdid yaranacağı təqdirdə, öz ordusu ilə rəsmi Bakının yanında yer alacaq. Sənəddə əksini tapan qarşılıqlı hərbi yardım müddəaları, müdafiə sənayesi sahəsində birgə istehsal mərkəzlərinin yaradılması və ordularımızın modernləşdirilməsi milli təhlükəsizliyimizin ən böyük rəhnidir”.

“Zəngəzur Dəhlizi və Orta Dəhliz Regional İnteqrasiyanı Stimullaşdırır”

Deputat bəyannamənin iqtisadi inkişafa və beynəlxalq ticarət yollarına gətirdiyi yeni reallıqları xüsusi qiymətləndirib:

“Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq regionda tamamilə yeni şərtlər diktə etdi. Şuşa Bəyannaməsi bu reallıqları iqtisadi qüdrətə çevirir. Xüsusilə Zəngəzur dəhlizi Mərkəzi Asiya ilə Avropa arasındakı ticarəti genişləndirir və burada Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Orta Dəhlizə yeni nəfəs verən Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artırmaqla yanaşı, Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirən qlobal strateji qovşaq rolunu oynayır. Qarşılıqlı investisiya qoyuluşları, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi hər iki dövlətin suveren gücünü daha da artırır”.

Xarici Siyasətdə Həmrəylik, Birgə Media və Diaspor Platforması

MCP lideri sənədin xarici siyasət və beynəlxalq müstəvidə vahid mexanizm kimi işlədiyini, həmçinin ənənəvi konfransların bu xətti qoruduğunu diqqətə çatdırıb:

“Tərəflər öz milli maraqlarının təmin edilməsi istiqamətində tam müstəqil xarici siyasət yürüdür, eyni zamanda regional və qlobal təhlükəsizlik məsələlərində səylərini Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birləşdirirlər. Xaricdə yaşayan türk və Azərbaycan icmalarının birgə fəaliyyəti, media platforması vasitəsilə informasiya mübadiləsinin aparılması diplomatiyamızın dünyadakı nüfuzunu möhkəmləndirir. Təsadüfi deyil ki, imzalanma gününə həsr olunaraq hər il iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfranslar — o cümlədən 2025-ci ildəki ‘Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar’ mövzusundakı elmi-siyasi toplantı bu müttəfiqliyin qlobal intellektual mərkəzə çevrildiyini sübut edir. Şuşa Bəyannaməsi bizim keçmişimizə sadiqlik andımız, gələcək nəsillərə isə ən böyük yol göstəricimizdir”.

Bir cavab yazın

Back to top button