Suriyanın süqutunda qaz faktoru və ya böyük sövdələşmə? – Vüqar Dadaşov
Rusiya niyə Bəşər Əsədi xilas etdi? Suriya torpaqları İsrailə verilir?
İsrail Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən dərhal sonra, Suriya sərhəddində 1967-ci ildən zəbt etdiyi Qolan təpələrindəki bufer zonasını yeni ərazilərlə genişləndirib. Baş nazir Benyamin Netanyahu İsrailin də Bəşər Əsəd rejiminin devrilməsində rolundan danışıb hərçənd ki, buna heç şübhə də yoxdur. Baş nazirin tələsik belə bir açıqlama verməsi, Türkiyə və ABŞ-ın Suriyadakı qələbəsinə şərik olmasına və Suriyanın parçalanacağı təqdirdə pay əldə etmək niyyətinə söykənir.
Sosdem.az-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov bildirib ki, ancaq vəziyyət İsrail üçün o qədər də asan deyil:
“Əvvəla, Türkiyə İsrailə bu imkanı verən deyil. Yeni Suriya hakimiyyəti də artıq İsraildən ordusunu geri çəkməyi tələb edir. Ən vacib şərt isə İsrailin Suriyada pay qoparmaq arzusuna ABŞ-ın münasibətidir. Məsələ ondadır ki, faktiki Suriya bir neçə hissəyə bölünüb və hissə-hissə idarə olunur.
ABŞ ona loyal olan yeni hakimiyyət və Heyət Təhrir əş-Şam (HTŞ) lideri Məhəmməd Colaninin bütün Suriya üzərində hakim və vahid qüvvə olması üçün İsrailin tutduğu ərazilərdən geri çəkməyi tələb edə bilər. Ancaq ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İsrailin arzularını nəzərə ala bilər. Bu da istisna deyil. Yeri gəlmişkən, Türkiyə, ABŞ və bir sıra digər, eləcə də region dövlətləri Suriyanın ərazi bütövlüyü və suverenliyinin saxlanması barədə çıxış edib”.
Siyasi şərhçinin sözlərinə görə, Suriyanın süqutunun, rejiminin devrilməsinin əsas səbəblərindən biri kimi, Qətərdən Avropaya qaz ixracının Suriyadan tranzitinə Bəşər Əsədin razılaşmaması göstərilir:
“Bəşər Əsədin Qətərdən qaz ixarına ərazisindən icazə verməməsini isə Rusiyanın istəklərinə uyğun Avropanın Rusiyadan qaz asılılığını qorumaq olub. Əlbəttə ki, bu yanaşma inandırıcıdır. Bəşər Əsədin müraciətinə rəğmən ərəb ölkələrinin ona siyasi sığnacaq verməsindən imtina etməsi, Rusiyanın isə Bəşər Əsədə sahib çıxması səbəbi müəyyən mənada bu fakta da əsaslana bilər.
Sözsüz ki, ərəb dünyasının Bəşər Əsədə mənfi münasibətində onun İranla sıx əlaqələri də xüsusi çəkiyə malikdir. Həmçinin, nəzərə alsaq ki, Türkiyə də qaz ehtiyatları kəşf edib və istismarına başlayıb, onda onun da Avropaya qaz tranzitinə maneəni aradan qaldırılmalı idi. Qətərdən, Türkiyədən Avropaya və digər regionlara qaz ixracı Rusiyanın enerji daşıyıcılarından asılılığın aradan qaldırılması üçün ən optimal variant hesab olunur və Kollektiv Qərb, xüsusən də ABŞ tərəfindən dəstəklənir.
Digər bir versiya da ondan ibarətdir ki, Suriya məsələsində Türkiyə və Rusiya sövdələşib. Türkiyə Rusiyaya Ukrayna ilə bağlı siyasətinə yaşıl işıq, Rusiya isə Türkiyəyə Suriya ilə planlarına yaşıl işıq yandırır. Suriyadan rus bazalarının çıxarılmasında Türkiyədən kömək istəməsi və üstəlik Ərdoğanın Qaziantepdə gənclərlə görüşündə, “dünyada iki lider qaldıq – bir mən, bir Putin”, açıqlamasının arxasında çoxlu önəmli məqamlar gizlədir”.