Suriya niyə qarışdı? – “İran maraqlıdır…”
Nəticələr göstərir ki, Suriya prezidenti Bəşşar əl Əsəd Türkiyənin ona uzatdığı əli İranın təhriki ilə geri çevirməklə siyasi taleyində ikinci böyük səhvi etdi və bu ona çox ağır başa gəlir.
Heyət Təhrir əl Şam birləşməsi rəhbərliyindəki müxalif ordu artıq Hələbdən 8 gün sonra Həma şəhərini bu gün tam nəzarətə götürüb, hazırda növbəti böyük şəhər olan Homs şəhərinə hərəkət edir.
Bu məntəqədən sonra artıq paytaxta növbə çatır. Faktiki olaraq Əsəd rejiminin qüvvələri ordunun maaşına 50 faiz artım edilməsinə baxmayaraq geri çəkilir.
Bunarada ABŞ da bir neçə nöqtəni vursa da hansı cəbhəni hədəf aldığı dəqiq deyilmir. Bəşşar əl Əsədin baş komandalarından olan və özündən sonra varisi olacağı deyilən, Rusiyaya yaxınlığı ilə tanınan general Suheyl Həssanın yaralandığı deyilir.
Sosdem.az-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan bildirib ki, PKK, PYD, Rusiya, İran, rejim qüvvələri və müxalif güclər faktiki olaraq Suriyanı qan çanağına döndərir:
“Bu qan dəryası ilə hələ ki, Şama doğru üzən Heyət Təhrir əl Şam təşkilatıdır. Nə qədər üzəcəyini zaman göstərəcək. Olsun ki, Rusiya və Qərbin ciddi müdaxiləsi olmasa bu güclər paytaxtda sahilə çıxsınlar. Yaxud onların əli ilə Əsədi devirib ondan sonra özlərini də məhv etsinlər. Bundan sonra İsrail PKK-PYD qüvvələrini hakimiyyətə gətirməkdə maraqlıdır. Digərlərinin də öz namizədi var”.
Siyasi şərhçinina sözlərinə görə digər bir variant da Hələb, Həma, Homs kimi bir neçə şəhəri və bölgəni müxalif qruplara buraxıb Əsədi Şam və çevrəsində bir növü həbs etməkdir:
“Məqsəd də budur ki, Suriyada Əsədi yerində saxlamaqla müxalif güclərlə müharibəni davamlı etmək və ölkəni xaosa salmaq. Bu zəmindən istifadə edən İsrail ABŞ öz məqsədinə çata bilər.
PYD və PKK qüclərini hələ ki, Əsədin üstünə müxaliflərlə birgə göndəriblər. Müxalif güclərə onlar da ciddi müqavimət göstərmirlər yaxud göstərmək iqtidarında deyillər.
Ciddi müqavimətlə üzləşməsələr yaxın günlərdə Şam ətrafına yetişəcəklər. Bəşşar əl Əsəd Rusiyadan əliboş dönüb, ancaq deyilənə görə ailəsini orada qoyub. Çünki Rusiyanın özü Ukrayna cəbhəsində savaşır. Əsas marağı Suriyadakı hərbi bazasının qalmasıdır ki, onu da yeni hakimiyyətlə də razılaşa bilər. Ona görə keçən dönəmdəki kimi Əsədə ciddi dəstək vermir. Eyni zamanda Türkiyə ilə münasibətlərinin korlanmasını istəmir. Faktiki olaraq Əsəd rejimi Türkiyəyə təhdid yaradan PKK və PYD güclərini ölkəsində bəsləyirdi İranın tövsiyyələri ilə. Bu təhdid ocaqlarına səs çıxarmayan Əsədi, Rusiya Türkiyə əleyhinə o qədər də ciddi müdafiə edə bilməz indiki halda.
Türkiyənin özü 2018 – ci ildə Heyət Təhrir əl Şam hərəkatını terrorçu kimi tanımışdı. Ancaq o qüvvələrin xarici ölkələrdə akt törətməsi haqda ciddi məlumat yoxdur. Yalnız Suriyada qanlı rejimlə qanlı mücadilədə adı hallanır. Buna rəğmən ola bilsin onların Əsəd üzərinə getməsi Türkiyənin maraqlarına hələ ki, cavab verir”.
Başqan müavini bildirib ki, İran isə vəziyyətin həllində yox, qarışmasında, sünni-şiə savaşının daha da qızışmasında maraqlıdır:
“Məsələyə məzhəbçi yöndən yanaşan İran, əgər hakimiyyət tələb edərsə canlı qüvvə göndərəcəyini deyir. Lakin faktiki olaraq İraqdakı Həşd Şabi və digər məzhəbçi güclər Suriyanın qan çanağından qan dənizinə çevrilməsi uğrunda hazırda güc sərf edirlər.
Dünya maraqlarının toqquşduğu Suriyada Əsədin qalmasında və getməsində maraqlı qüvvələr var. Görünən odur ki, bu dəfə ABŞ və İsrail də Əsədin qalmasında maraqlı deyil. Türkiyə ilə danışıqlardan sonra və Əsədin İranın təhriki ilə Türkiyə rəhbərliyinin görüş dəvətinə qoşunlarını çıxarmaq şərti ilə cavab verməsindən sonra Rusiya da onun uğrunda özünü ikinci cəbhədə növbəti təhlükəyə atmaq istəmir.
İran mətbuatı Türkiyənin tələyə salındığını yazır. Ancaq düşünürəm ki, əksinə İranın özünü tələyə saldılar. Hizbullah və İsrail arasında atəşkəsin sabahı bu savaş başladı. Düymələr basıldı və “b” planı işə düşdü.
Və Hizbullah İsrail ilə sərhəddən ordusunu çəkib cəbhəni boş qoyaraq Suriyada Əsədə dəstək verməkdən yayınır. Demək İranın özü Suriyadan sonra növbəti hədəf ola bilər”.