Xəbərlər

Sülh üçün hələ çox iş görülməlidir… – ŞƏRH

Ermənistan və Azərbaycan arasında gedən sülh prosesi səmərəli şəkildə irəliləyir. Bu yöndə dövlət siyasətinin strategiyasının doğru qurulması öz töhfəsini verir. Hər iki dövlətin rəhbəri arasında Vaşinqtonda müvafiq bəyanatın paraflanmasından sonra daha da aktiv fazaya keçən sülh prosesi öz səmərəsini göstərir. Bununla yanaşı hər iki ölkənin vətəndaş cəmiyyətinin nümayəndələri də qarşılıqlı səfərlər edir, görüşür.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müaini, siyasi şərhçi Tural İrfan deyib.

Politoloq bildirib ki, müxtəlif zümrələrdən olan vətəndaş cəmiyyəti nümayəndələrindən ibadət qrupların arasında bu cür səfərlərin, görüşlərin baş tutması sülh prosesinin daha əhatəli və sağlam davamlılığına dəstəkdir:

“Gələcəkdə din xadimləri, yazarlar, jurnalistlər və mədəniyyət – incəsənət mənsublarının da görüşlərinin, səfərlərinin baş tutması ümumi işin xeyrinə olardı. Siyasi və diplomatik sülh prosesi ilə yanaşı vətəndaş cəmiyyəti arasında belə təmasların olması vacibdir. Mülki insanların da bu prosesə hazır olması zəruridir. Əsasən də erməni cəmiyyətində revanşist qüvvələrin hələ də mövcudluğunu, sülh əleyhinə çıxışların mövcudluğunu nəzərə alsaq deyə bilərik ki, hələ çox işlər görülməlidir”. 

Ekspert hesab edir ki, əsas məsuliyyət Ermənistan hökumətinin üzərinə düşür: 

“Ona görə ki, əhalinin sülhə hazır olması üçün müvafiq işlər görülməli, təbliğat aparılmalıdır. Zori Balayan kimi qatı daşnak ruhluların cəmiyyətə təsirini minimuma endirməlidir. Lakin bütün bunlara baxmayaraq, sülhün baş tutmasına mane olan qüvvələr də var, bunlar əsasən kənar təsirlər nəticəsində prosesə müdaxilə etmək istəyirlər. Vətəndaş cəmiyyəti, yaxud mədəniyyət nümayəndələri arasında baş tutan təmasları birmənalı qarşılamamaqla paralel bunu şişirdib sülhdən əvvəlki ritorikanı qoruyub saxlayırlar. Ermənistanda əsasən hələ də tənzimlənməmiş Kilsə-dövlət qarşıdurması və Rusiya təsirində olan qüvvələrin fəaliyyəti nəticəsində sülh prosesinə əks təsir göstərmək istəyənlər var. Gərək Ermənistan hakimiyyəti bütün bu prosesləri həll etsin”. 

Analitik qeyd edib ki, müəyyən zümrələr sülh prosesindən doğan reallıqlara qarşı dözümsüzlük göstərə bilər: 

“Lakin belə məsələləri də şişirtməmək, bundan sülhə xələl gətirə biləcək həddə sui-istifadə etməmək lazımdır. Hər halda danışıqlarda, gedən müzakirələrdə bu kimi məsələlər də yəqin ki, mövzuya daxil edilir. Əslində, bu sülh üçün Ermənistan hakimiyyəti, eyni zamanda vətəndaş cəmiyyəti daha çox səylər göstərməlidir. Çünki təcavüzkar tərəf onlar olub və bu gün Azərbaycanda milyonlarla erməni zülmündən əziyyət çəkmiş insan var. Elə formada sülhə daxil olsunlar ki, həmin insanların da mənəvi rahatlığı təmin olunsun. Ümumiyyətlə, bu sülh prosesi zamanla öz həllini tapacaq və inanırıq ki, dövlətin yürütdüyü siyasət nəticəsində tam, hərtərəfli şəkildə öz bəhrəsini verəcəkdir”.

Bir cavab yazın

Back to top button