Sülh sazişinin imzalanması ehtimalı çox azdır – ŞƏRH

Sülh sazişi mətni hazır olsa da, razılaşmalar əldə edilsə də Ermənistan və Azərbaycan arasında tam sülh sazişi mümkün deyil, ona görə ki…
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Şərhçi bildirib ki, sülh sazişi lahiyəsinin mətninin razılaşdırılması Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanacağı demək deyil:
“Əvvəla, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra, ortaya çıxan “sülh sazişi”nin bağlanması ehtimalını mümkünsüz hesab etmişəm.
Qeyd edim ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi bağlansa da belə, həmin sazişdə Zəngəzur, Göyçənin Ermənistana aid olmasını özündə ehtiva edən müddəa ola bilməz. Yəni, sülh sazişində hər iki dövlətin əraziləri konkret rəqəmlə göstərilməyəcək və Sovet dövründə Ermənistana qanunsuz verilən Azərbaycan torpaqları üzərində Ermənistan legitimlik əldə etməsinə imkan verilməyəcək. Ermənistan və Azərbaycan arasında tam sülh müqaviləsi, ancaq 1918-cil ildə ermənilərə güzəşt edilən 9min kv km-lik ərazi daxilinə sığınmasından sonra mümkündür”.

Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi məsələsi sülh sazişi mətnindən çıxarılsa da, iki dövlət arasında mümkün sülh müqaviləsi dəhlizin açılmasından asılıdır:
“Əsas vacib şərt isə, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müstəqillik aktı və konstitusiyasındakı müddəalar ləğv edilməyincə Ermənistan və Azərbaycan arasında tam sülh sazişi mümkün deyil, nəinki iki dövlət arasında dayanıqlı sülh.
Sərhədlərin delimitasiyası isə çox ağrılı bir prosesdir. Azərbaycan delimitasiyasını 1918-ci il, Ermənistan isə 1991-ci il xəritələrinə uyğun aparmaq niyyətindədir.
Ermənistan baş naziri Nikol Paşinyanın isə hakimiyyətdən getməsi ilə Ermənistan sülh sazişindən imtina edəcək”.
Politoloq, Azərbaycanla Ermənistan arasında tam sülh sazişinin yaxın zamanlarda imzalanması ehtimalının çox az olduğunu qeyd edib:
“Ancaq, hər bir halda, prosesə uyğun Ermənistan və Azərbaycan arasında ümumiləşdirilmiş müddəaları özündə cəmləyən saziş mümkündür, yenə də qeyd edirəm, Ermənistan ərazilərinin konkret sahə və sərhədləri heç bir sənəddə göstərilməyəcək”.