Sülh dialoqu yeni mərhələdə – ŞƏRH

“Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin davam etdirilməsi və bu istiqamətdə atılan addımlar hər iki dövlətin siyasi iradəsini nümayiş etdirir”.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.
Ekspert qeyd edib ki, Davosda keçiriləcək panel müzakirələri mühüm əhəmiyyət daşıyır:
“Sülhün irəlilədilməsi üçün qarşılıqlı anlaşma və diplomatik təmasların qurulması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunan müzakirələrdə Azərbaycan Prezidenti və Ermənistan Təhlükəsizlik Şurasının katibinin iştirak edəcəyi gözlənilir. Bu da tərəflər arasında birbaşa və açıq dialoqun formalaşdığını göstərir”, – politoloq deyib.
MCP rəsmisi əlavə edib ki, bu cür təmaslar regionda davamlı sülhün və sabitliyin bərqərar olunması üçün vacib addımlardandır:
“Belə formatda keçirilən müzakirələrin yalnız üçüncü ölkələrdə deyil, gələcəkdə həm Azərbaycanda, həm də Ermənistanda təşkil olunması mümkündür. Artıq bu istiqamətdə lazımi siyasi mühit formalaşır. Panel çərçivəsində Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və digər regional məsələlərin də müzakirə olunacağı gözlənilir. Bu, regionda uzunmüddətli sülhə nail olmaq üçün önəmli platformalardan biri kimi çıxış edir”, – şərhçi bildirib.
