“Sülh ədalətsiz yaddaş üzərində qurula bilməz” – Deputat

“Xocalını xatırlamaq revanşizm yox, gələcək qarşısında məsuliyyətdir. Biz bu faciəni ona görə unutmamalıyıq ki, bəşəriyyət bir daha belə insanlıq dərsləri ilə sınağa çəkilməsin. Həqiqətin etirafı sülhün qarşısında maneə deyil, onun ən sağlam təməlidir.”
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Xocalı faciəsinin ildönümü ilə bağlı açıqlamasında deyib. Deputat bəyan edib ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa etmiş qalib bir dövlət olsa da, Xocalı dərdi xalqın yaddaşında əbədi yaşayacaq bir ədalət sınağıdır.
“Xocalı müharibə deyil, insanlıq cinayətidir”
Millət vəkili vurğulayıb ki, 1992-ci ilin fevralında törədilən vəhşilikləri hərbi reallıqlarla izah etmək mümkün deyil:
“Qadınların, uşaqların və qocaların hədəfə alınması birbaşa insanlığa qarşı cinayətdir. Bu, tarixdən silinməsi mümkün olmayan bir yaradır. Lakin biz bu ağrını qəlbimizdə düşmənçilik toxumu səpmək üçün deyil, bəşəriyyətə insanlıq dərsi vermək üçün saxlayırıq. Məqsədimiz odur ki, nə bizim, nə də başqa xalqların gələcək nəsilləri belə bir faciə ilə bir daha üzləşməsinlər.”

Sülhün təməli: Ədalətli yaddaş
MCP başqanının fikrincə, regionda yaranmış yeni reallıq sülh mərhələsidir, lakin bu sülh həqiqətlərin üzərindən sükutla keçmək hesabına başa gəlməməlidir:
“Bu gün Azərbaycan regionda sülhün əsas təşəbbüskarıdır. Lakin unutmayaq ki, sülh ədalətsiz yaddaş üzərində qurula bilməz. Xocalını unutdurmaq ədalətsizliyin özü qədər ağırdır. Həqiqətin beynəlxalq müstəvidə tanınması barışığa mane olmur, əksinə, qarşılıqlı etimadın yeganə yoludur.”
“İnsanlıq dərsləri bitməməlidir”
Deputat qeyd edib ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi prosesi beynəlxalq gündəmdə qalmalıdır:
“Nifrət ritorikasından uzaq, ədalətə söykənən bir yanaşmanın vacibdir. Müharibə artıq geridə qalıb, ərazi bütövlüyümüz bərpa olunub. Lakin insanlıq dərsləri bitməməlidir. Bizim yaddaşımız intiqam deyil, idrak və dərk etmə üzərində qurulub. Milli Cəbhə Partiyası olaraq mövqeyimiz qətidir: Xocalı heç vaxt unudulmayacaq və biz bu faciəni bəşəriyyətin ortaq dərdi kimi dünyaya çatdırmağa davam edəcəyik.”