Strateji əməkdaşlıqda yeni mərhələ… – Şərh

“Azərbaycan və İtaliya arasında yüksək tempdə inkişaf edən əlaqələr və qarşılıqlı etimada əsaslanan çoxşaxəli strateji tərəfdaşlıq mövcuddur. İtaliya Baş nazirinin ölkəmizə səfəri bu əməkdaşlığı daha da sürətləndirəcək”.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Tural İrfan deyib.
Ekspert qeyd edib ki, İtaliya Azərbaycanın Avropada ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, həm də enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir:
“Azərbaycan İtaliyanın neft-qaz məhsullarının əsas alıcısı və enerji təhlükəsizliyində mühüm rol oynayan tərəfdaşdır. Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz tədarükü bu əlaqələrin onurğa sütununu təşkil edir. Lakin bu tərəfdaşlıq təkcə energetika ilə məhdudlaşmır; qeyri-enerji sektorunda da ticarət dövriyyəsi yüksək səviyyədədir”.

Şərhçi italyan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki fəaliyyətinə də xüsusi diqqət çəkib:
“İtaliya Cənubi Qafqazda aktiv diplomatiya yürüdür. Xüsusilə italyan şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur bölgələrində infrastruktur layihələrində, şəhərsalma və mədəni irsin bərpası işlərində fəal iştirakı bizim üçün strateji əhəmiyyət kəsb edir. Bununla yanaşı, humanitar sahədə – mədəniyyət, incəsənət və təhsil mübadiləsindəki yaxınlıq əlaqələrimizin dərinliyini göstərir”.
MCP rəsmisinin fikrincə, bu səfər bütövlükdə Avropanın Azərbaycana olan xüsusi diqqətinin təzahürüdür və müzakirə olunan sahələrdə yeni inkişaf mərhələsinin başlanğıcı olacaq.