“Sovet İttifaqı” Rusiyanı dağıdacaq – ŞƏRH

Rusiyanın qeyri-dövlət kanallarından, sosial şəbəkələrindən səslənən hərbi müdaxilə, hətta hücum planlarının və mümkün silah növlərinin tətbiqi ilə bağlı təhdidlər rəsmi dövlət mövqeyi olmasa da, Azərbaycana yönəlmiş mesaj kimi ciddi qəbul edilməlidir. Şübhə yoxdur ki, hərbi ritorika və təhdidlərin səsləndirilməsi hətta Kreml təbliğatçılarının Rusiyanın İranla birgə Azərbaycana qarşı vuruşmaq istəyi, rəsmi Moskvanın birbaşa diktəsi ilə həyata keçirilir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partriyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Ekspert qeyd edib ki, paralel olaraq, Rusiya baş nazirinin müavini Aleksey Overçukun, Moskvanın Azərbaycanla münasibətlərin tənzimlənməsində maraqlı olduğunu, deməsi, eləcə də, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepanın Rusiya ilə Azərbaycan arasında münasibətlərin sonda dostluq məcrasına qayıdacağına əminliyini bidirməsi, rəsmi mövqe kimi qiymətləndirilməlidir:
“Hər bir halda, Rusiyanın Azərbaycana qarşı açıq hərbi müdaxilə imkanları indiki vəziyyətdə mümkünsüz olsa da, Rusiyadan Azərbaycana qarşı təcavüz daimi gözləniləndir. Azərbaycan prezidenti İlham Əliyev Əl-Ərəbiya kanalına müsahibəsində 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğal edilməsini xatırlatması, indiki Moskvanın da Bakıya qarşı münasibətinin dəyişmədiyinə açıq işarədir.
Sözsüz ki, Çində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində baş tutan cənab Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşündə əsas müzakirə mövzularından biri Cənubi Qafqaz məsələsi və Azərbaycanla bağlı məsələlər olub. Bu kontekstdə Putinlə İlham Əliyevin heç olmasa protokol xatirinə, formal da olsa görüşməməsi münasibətlərdə gərginliyin davamına işarədir.
Moskvanın son günlərdə Azərbaycana təhdid dili ilə danışması da Rusiya üçün heç bir perspektiv açmır. Əksinə, Rusiyaya qarşı beynəlxalq izolyasiya və sanksiyalar fonunda, onu Azərbaycan və Türkiyə nəfəsliyindən məhrum edə bilər. Bu da Rusiyanı Çindən çox asılı vəziyyətə salar. Artıq Rusiya raket və mühərrik texnologiyalarını da Çinə ötürmək məcburiyətindədir. Putinin ŞƏT çərçivəsində Çinə səfəri, onun qarşılanması, digər dövlət başçılarının ona münasibəti, hətta Tacikistan prezidenti İmamali Raxmonun ona qarşı davranışı Rusiyanın, Putinun acınacaqlı vəziyyətinin sübutudur”.

MCP rəsmisi bildirib ki, diğər tərəfdən, Rusiyanın Ukraynaya hücumu, Kremlin xüsusən postsovet məkanında nufuzunun zəiflədib:
“Keçmiş respublikalar Rusiyadan distansiya saxlamağa çalışır. Bundan əvvəl (2008) Rusiyanın Gürcüstana hücumu sözsüz ki, müəyyən ardıcıllıq nümunəsidir. Putin hakimiyətinin ilk dövründən gündəmə gətirilən “sovet ittifaqı” ritorikası son günlər daha çox hallandırılır. Ancaq, bu ritorika Ukrayna bataqlığından çıxa bilməyən Rusiyanın psixoloji basqı vasitəsidir hansı ki, Moskvanın özü üçün əks effekt verir. Yəni, keçmiş sovet respublikalarının Rusiyanın təsirindən tam çıxmağa fursət yaradır.
Hindistanın Azərbaycanın, həmçinin Türkiyə və Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasına veto qoyması, ümumi nəticə etibarilə Azərbaycan üçün elə də uğursuz hesab edilə bilməz. Əvvəla, təşkilat Azərbaycanın Qərbə inteqrasiyasında müəyyən çətinliklər yarada bilərdi. Onsuz da, Azərbaycan ŞƏT üzvləri ilə, xüsusən Çin ilə ikitərəfli kontekstdə uğurlu əməkdaşlıq edir. Təkcə prezident İlham Əliyevin Çində qarşılanma mərasimi, görüşləri, Si Sizinpinin müraciət forması bunu bir daha sübut edir. Ancaq, ŞƏT-ə üzvlük müəyyən məhdudiyyətlər vəd etdiyi halda, ikitərəfli münasibətlər kontekstindən Azərbaycanın beynəlxalq siyasi arenada manevr imkanlarını saxlayır.
Minsk qrupunun ləğvi prosesindən sonra Zəngəzur dəhlizindən pay əldə etmək üçün İran da öz istəklərini bildirir. Həmçinin, İranın Türkiyə ilə birlikdə proyektə qoşulmaq istəyi Rusiyanı da narahat edən məqamdır. Rusiya təxribat və təhdidlərini davam etdirə bilər, ancaq bütün bu kontekstdə Kremlin Azərbaycana qarşı səsləndirdiyi hər hansı təhdid ciddi və keçərli sayıla bilməz. Əksinə, vəziyyətin normallaşması üçün Moskva ardıcıl addımlar atmağa məcburdur”.