Xəbərlər

Solovyovun hədələri Kremlin anonsudur – ŞƏRH

Solovyovun çıxışı bir növ “nəbz yoxlama kimi dəyərləndirilsə də, əslində real təhlükədir...

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov ABŞ və Rusiyanın son dövrlərdə artan geosiyasi aktivliyini və Ermənistana qarşı səsləndirilən hədələri şərh edib.

Ekspert bildirib ki, ABŞ-nin Venesuelada həyata keçirdiyi “Maduro əməliyyatı”ndan sonra Rusiyanın da bənzər istəklərlə çıxış edəcəyi gözlənilən idi.

“Söhbət sistemli qlobal modelin tətbiqindən gedir”

Analitikin sözlərinə görə, baş verənlər artıq lokal münaqişə deyil, qlobal güclərin yeni idarəçilik modelidir:

“Rusiya “Maduro əməliyyatı”ndan da əvvəl Moldovadan Dnestryanı, Gürcüstandan Abxaziya və Osetiya, Ukraynadan Krımı ilhaq edib və hazırda Ukraynada işğalçılıq müharibəsini davam etdirir. Digər tərəfdən, ABŞ-ın da yaxın tarixdə 50-dən çox müxtəlif ölkədə çevriliş etdiyini və dövlət başçılarına qarşı əməliyyat keçirdiyini bilirik. Yəni söhbət artıq ayrı-ayrı dövlətlərin qlobal güclər tərəfindən işğalından yox, sistemli qlobal modelin tətbiqindən gedir.”

Ermənistana qarşı “Maduro əməliyyatı” və Sandunun reaksiyası

Siyasi şərhçi Rusiya federal kanallarında Vladimir Solovyovun Ermənistana qarşı hərbi müdaxilə və nəzarətin bərpası barədə səsləndirdiyi fikirlərin ciddi qəbul edildiyini vurğulayıb. O, Moldova Prezidenti Maya Sandunun Rumıniya ilə birləşmə tərəfdarı olmasını da bu təhdidlərlə əlaqələndirib:

“Solovyovun çıxışı bir növ ‘nəbz yoxlama’ kimi dəyərləndirilsə də, əslində real təhlükədir. Bu, nəinki Ermənistana, həmçinin Azərbaycana və ümumilikdə keçmiş sovet respublikalarına qarşı Vladimir Putinin SSRİ-ni bərpa etmək planının icrasına açıq keçid mərhələsinin anonsu ola bilər. Rusiyanın bu təhdidləri, Trampın Qrenlandiya istəkləri fonunda daha təhlükəli görünür.”

Təhlükəsizlik zəmanətləri və Budapeşt memorandumu

Politoloq qeyd edib ki, qlobal güclərin verdiyi təhlükəsizlik zəmanətləri dövlətləri işğaldan qorumur:

“1994-cü ildə Ukraynanın nüvə silahından imtinası müqabilində verilən zəmanət elə Rusiyanın özü tərəfindən pozuldu. Eyni şəkildə, ABŞ-ın 1951-ci ildə Qrenlandiyaya verdiyi zəmanət bu gün ABŞ-ın öz maraqları tərəfindən pozulur. Heç bir kənar zəmanət dövləti ilhaqdan qorumur, əksinə, onu asan yemə çevirir.”

Paşinyanı devirmək planı və Zəngəzur maraqları

MCP rəsmisi Rusiyanın Ermənistanda Paşinyan hakimiyyətini devirmək planlarının reallığına şübhə etmir:

“Rusiya üçün Ermənistanda hərbi əməliyyat keçirmək regionda geosiyasi maraqlarını təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusən Ermənistanın Qərbə inteqrasiyasının qarşısını almaq və ABŞ-ın Zəngəzurda TRIPP layihəsinə mane olaraq nəzarəti ələ keçirmək üçün Paşinyanın devrilməsi optimal variant hesab edilir. Ermənistandakı kilsə-hakimiyyət qarşıdurması fonunda Rusiyanın belə bir gedişi tamamilə mümkündür. Bu yolla Rusiya Cənubi Qafqazda və Orta Asiyada təsir imkanlarını bərpa etmək istəyir.”

Azərbaycanın fərqli mövqeyi

Sonda Vüqar Dadaşov Azərbaycanın regiondakı unikal statusuna diqqət çəkib:

“Cənubi Qafqazda real suveren qərarvermə imkanına yalnız Azərbaycan malikdir. 2020-ci ildən sonrakı reallıqlar sübut etdi ki, Azərbaycan xarici hərbi himayəyə arxalanmadan, öz milli maraqlarını balanslaşdırılmış diplomatiya və hərbi-siyasi güc hesabına təmin edə bilən nadir post-sovet dövlətidir. Məhz bu amil Rusiyanın regionda atacağı addımlarda Azərbaycan faktorunu əsas məhdudlaşdırıcı və çəkindirici elementə çevirir.”

Bir cavab yazın

Back to top button