Siyasi şərhçi: “Suriyanın idarəsində Türkiyə-ABŞ qarşı-qarşıya…”
Suryada Bəşər Əsəd rejiminin devrilməsində Türkiyənin, cənab Ərdoğanın bir başa rəhbərliyi və iştirakı heç bir şübhə doğurmur. Türkiyə bununla İrana, Rusiya və hətta eyni cəbhədən çıxış etdiyi ABŞ-yə bir daha sübut etdi ki, regionun söz və güc sahibidir. Türkiyə nəinki regional, qlobal problemlərin həllində keçilməz oyunçu, dövlətdir.
Bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Onun sözlərinə görə, 13 il əvvəl Suriya rejiminə qarşı vətəndaş müharibəsində Bəşər Əsədin devrilməməsində Rusiyanın, İranın dəstəyi vacib faktor idi:
“Rusiyanın Ukrayna ilə, İranın isə faktiki olaraq İsraillə zəiflədilməsi Suriyanıın, Bəşər Əsədin rejiminin taleyinə də təsir göstərdi. Ancaq, ən əsası isə Türkiyənin Bəşər Əsədin danışıqlara gedəcəyinə inanıb, Suriyaın suverenliyini qorumaq və rəsmi Dəməşqdən onun ərazisindən Türkiyənin təhlükəsizliiyinə zəmanət və təminat veriləcəyinə inanması idi. Rusiya və sair bir sıra qüvvələrin “dəminə” gedən Bəşər Əsəd Türkiyə və cənab Ərdoğanla danışıqlardan müxtəlif bəhanələrlə yayınaraq siyasi ədəbsizlik etdi və nəhayət cəzalandırıldı.
Bəşər Əsəd rejiminin devrilməsində əsas qüvvə Türkiyə və ABŞ müttəfiqlik etsə də, nəticədən sonra Suriyanın taleyi və idarəçiliyində Türkiyə və ABŞ arasında kəskin fikir ayrılığı olacaq. Ancaq Donald Trampın prezidentliyindən sonra ABŞ üçün Suriya o qədər də önəm daşımayacaq. Heç şübhəsiz ki, Suriyanın gələcək taleyi Türkiyənin iradəsinə bağlıdır”.
V.Dadaşov onu da qeyd edib ki, Bəşər Əsədin şəxsi taleyinə gəldikdə isə, onun İranda sığınmaq ehtimalı çox azdır:
“İranın öz ərazisində öz liderlərinin belə təhlükəsizliyini təmin edə bilməməsi Bəşər Əsədin İrana getməsi üçün əsas maneədir. ABŞ və İsrailin mövqe və kəşfiyyatının güclü olduğu ərəb ölkələrinə də Bəşər Əsədin sığınmağı mümkünsüzdür. Bəşər Əsəd üçün ən təhlükəsiz ölkə məhz Rusiya görünür. Digər tərəfdən də, Rusiya İrandan fərqli olaraq dəstəklədiyi liderlərin taleyinə biganə qalmır. Həm də Rusiya belə davranışları ilə siyasətinin yeridilməsinə imkan açır və bir növü etibarlılıq zəmanəti nümayiş etdirir”.