Xəbərlər

Seyyid soylarının hədəfə alınması qlobal siyasi layihədir… – Ekspert

“Son zamanlar Azərbaycanda seyyid soylarının DNK analizləri vasitəsilə mübahisələndirilməsi sadəcə elmi məsələ deyil, cəmiyyətin mənəvi dayaqlarını sarsıtmağa və daxili xaos yaratmağa hesablanmış qlobal siyasi-strateji layihədir”.

Bu barədə xarici mərkəzlərin “FamilyTreeDNA” şirkəti üzərindən apardığı genetik araşdırmaları və milli təhlükəsizlik risklərini Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini Vüqar Dadaşov bildirib.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-İsrail-İran qarşıdurmasının son dərəcə gərgin mərhələyə daxil olduğu bir dövrdə regionun dini xəritəsinə və xalqın mənəvi yaddaşına edilən bu müdaxilə təsadüfi deyil. Onun sözlərinə görə, bu prosesin arxasında konkret polittexnoloji mərkəzlər dayanır:

“Bu testləri aparan “FamilyTreeDNA” şirkətinin əsas qurucuları (Bennett Greenspan, Max Blankfeld) və indiki rəhbərliyi yəhudi mənşəlidir. Yaxın Şərqdə ərəb coğrafiyası ilə İsrail arasında normallaşma prosesləri fonunda bu cür ‘elmi informasiya’ manipulyasiyaları şübhə doğurmaya bilməz. 1400 illik tarixdə nikahlar nəticəsində genetik dəyişikliklərin baş verməsi tamamilə təbii bioloji prosesdir. Lakin bu reallığı təhrif edərək insanlara öz kimliyini xarici laboratoriya testləri ilə diktə etmək cəhdi açıq şəkildə ‘elmi’ işğalçılıqdır”.

Ekspert vurğulayıb ki, seyyidlik statusunun hədəfə alınması həm də Azərbaycanın daxili iyerarxiyasını darmadağın etmək məqsədi daşıyan bir “yumşaq güc” ssenarisidir. MCP rəsmisi genetik məlumatların kənara axmasının qarşısının hüquqi müstəvidə alınmasının vacibliyini önə çəkib:

“Vətəndaşlarımızın bioloji və genetik məlumatlarının xaricə nəzarətsiz ötürülməsi ciddi sosial və milli təhlükəsizlik riskidir. Heç bir xarici mərkəzin ‘testi’ bizim minillik tariximizi, inancımızı və mənəvi kimliyimizi təftiş edə bilməz. Əsas məsələ insanların özünü kim hesab etməsi və öz tarixi yaddaşını necə qorumasıdır. Genetik məlumatlarımızın milli təhlükəsizlik predmeti olduğunu qəbul etməli və bu axın qanunla məhdudlaşdırılmalıdır”.

Bir cavab yazın

Back to top button