SEPAH İranı məhvə sürükləyir… – ŞƏRH

“İranın strateji məğlubiyyəti artıq geri dönməz prosesə çevrilir. SEPAH-ın güzəştsiz mövqeyi dövlətin bütövlüyünü qorumağa deyil, onun tamamilə məhv edilməsinə xidmət edir”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
İran rəhbərliyinin əhəmiyyətli hissəsinin sıradan çıxarılması və idarəetmənin tamamilə SEPAH-ın əlinə keçməsi ölkəni fəlakətə sürüklədiyini deyən ekspert qeyd edib ki, İran daxilindəki siyasi parçalanma diplomatik çıxış yollarını qapayır:
“Ali dini lider Əli Xamenei başda olmaqla, İranın 50-dən çox siyasi-hərbi rəhbərinin öldürülməsindən sonra ölkənin idarə olunmasının SEPAH-ın əlində cəmlənməsi dövlətin gələcəyini qeyri-müəyyənliyə itələyir. Hazırda ABŞ-la danışıqlar aparmaq bəzi dairələrdə xəyanət kimi qəbul olunur. Bu halda müqavimətin özü artıq qoruyucu deyil, dağıdıcı qüvvəyə çevrilib. Həsən Ruhani və Cavad Zərif kimi fiqurların dialoq çağırışları isə məğlubiyyətin rəsmiləşməsinin yaxınlaşdığını göstərir”.
Politoloqun fikrincə, İran infrastrukturunun məhv edilməsi ölkəni onilliklərlə geri ata bilər:
“Donald Trampın İranı ‘daş dövrünə’ qaytaracağıq xəbərdarlığı və Hörmüz boğazı ilə bağlı verdiyi 48 saatlıq ultimatum son şansdır. ABŞ-a məxsus F-15 qırıcısının vurulmasından sonra İranın infrastrukturunun, kommunikasiya və nəqliyyat sisteminin hədəfə alınması realdır. Bu, ölkəni ən azı 30 il geri ata bilər. Artıq İranın Hörmüzü humanitar məqsədlər üçün açması təzyiqlərin nəticə verdiyini göstərir”.

MCP rəsmisi Hörmüz boğazı ətrafındakı oyunun İranın əleyhinə döndüyünü bildirib:
“Hörmüz qlobal enerji təhlükəsizliyində ‘boğaz nöqtəsidir’. İran ondan təzyiq vasitəsi kimi istifadə etməyə çalışsa da, bu, koalisiyaya qoşulmayan Avropa ölkələrini də ABŞ-ın yanına çəkir. Nəticədə Hörmüz boğazı İranın əlindən bir silah kimi alınır. SEPAH-ın dirənişi isə maraqlı suallar doğurur: bəzi versiyalara görə, bu inadkarlıq İsrail kəşfiyyatının maraqlarına xidmət edir. Çünki İsrail İranın tam məhv proqramını tamamlamaq istəyir və SEPAH-ın mövqeyi buna bəhanə yaradır”.