SEPAH getməyincə regional təhdid bitməyəcək… – Politoloq

“İsrail-İran müharibəsinin ilk günündə İranın ali dini lideri Əli Xamenei başda olmaqla əllidən çox yüksək vəzifəli şəxsin zərərsizləşdirilməsindən sonra ölkədə real idarəçilik faktiki olaraq SEPAH-ın əlinə keçib. Bu gün İranda ikibaşlı hakimiyyət böhranı özünü açıq şəkildə göstərir. Vaşinqton da Tehranla danışıqlarda kiminlə dialoq quracağı ilə bağlı ciddi qeyri-müəyyənliyin olduğunu bildirir”.
Bunu Sosdem.az-a İrandakı daxili hakimiyyət böhranını, SEPAH-ın regional eskalasiya planlarını və Cənubi Qafqaz da daxil olmaqla genişlənən təhlükə ssenarilərini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, analitik Vüqar Dadaşov deyib.
“İkibaşlı Hakimiyyət Və SEPAH-ın Müharibə Ssenarisi”
Ekspert ABŞ-İran danışıqlarının tez-tez pozulmasının pərdəarxası məqamlarını və SEPAH-ın sabotaj addımlarını diqqətə çatdırıb:
“ABŞ–İran danışıqlarının tez-tez pozulması, əldə olunan razılaşmaların icra edilməməsi və hərbi eskalasiyanın davam etməsinin əsas səbəbi rəsmi nümayəndələrin razılaşmalarının SEPAH tərəfindən qəbul olunmamasıdır. İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə imzalanan memorandumu dəstəklədiyini bəyan etsə də, parlamentin 64 deputatının buna qarşı birgə bəyanat yayması daxildəki dərin çatların göstəricisidir. Reallıq odur ki, İran müharibənin dayandırılmasında deyil, onun regional miqyas almasında maraqlıdır. Körfəz ölkələrinin münaqişəyə cəlb edilməsi, Ukrayna gərginliyi fonunda Xəzəryanı dövlətlərin prosesə sürütlənməsi Tehran üçün arzuolunan ssenaridir. Hətta Cənubi Qafqazda Zəngəzur dəhlizinin (TRIPP) qarşısını almaq üçün yeni konflikt yaratmaq da Tehranın planlarına daxildir. İran müharibənin genişlənməsini ‘son qələbə’ üçün fürsət hesab edir”.

“Hörmüz Boğazı Və Beynəlxalq Hərbi Koalisiya Təhlükəsi”
MCP rəsmisi Tehranın Hörmüz boğazı üzərindən həyata keçirmək istədiyi dəniz blokadasının acı fəsadlarını vurğulayıb:
“İran Hörmüz boğazını bağlamaqla dünya iqtisadiyyatına təzyiq göstərəcəyini və qələbəyə bərabər razılaşma əldə edəcəyini düşünür. Lakin ABŞ-nin tətbiq etdiyi dəniz blokadası artıq İranda daxili sabitliyi sarsıdan ağır iqtisadi böhran yaradıb. Hörmüzdə azad gəmiçiliyə mane olmaq addımları Tehrana qarşı beynəlxalq hərbi koalisiyanın yaranmasını sürətləndirir. Təsadüfi deyil ki, İranın keçmiş xarici işlər naziri Cavad Zərif də Hörmüzün blokadaya alınmasının İranı beynəlxalq hərbi koalisiya ilə üz-üzə qoyacağını etiraf edib. Yekun qənaət budur ki, SEPAH və teokratik rejim hakimiyyətdən getməyənə qədər İran bütün region üçün əsas təhdid mənbəyi olaraq qalacaq”.