Seçicilərim də, mən də dona girmədən danışırıq… – Deputat

“Seçicilərlə görüşlərdə əsas məqam hər iki tərəfin dona girmədən, artistlik etmədən, sadəcə bərabərhüquqlu dostlar kimi söhbət etməsidir; bu səmimiyyət vətəndaşların problemlərini daha dərindən hiss etməyə və bir çox məsələləri elə yerindəcə, bir zənglə həll etməyə imkan verir”.
Sosdem.az xəbər verir ki, bu barədə bölgələrdə vətəndaşlarla keçirdiyi intensiv görüşlərin psixoloji və sosial mühitini, sakinlərlə qurulan birbaşa təmasların xüsusiyyətlərini Musavat.com-a müsahibəsində Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev bildirib.
“Bəzən onlar da unudur ki, mən deputatam”
Millət vəkili qeyd edib ki, seçicilərlə görüşlər zamanı həm özü, həm də qarşı tərəf böyük zövq alır, çünki ortam tamamilə səmimiyyət üzərində qurulur:
“Doğrudan da səmimi yanaşıram, səmimi söhbət edirəm. Onlar da səmimi qəbul edirlər, çay təklif edirlər, yemək təklif edənlər də olur. Çox gözəl bir ortam yaranır və bu ortamda sadəcə bərabər şəxslər kimi söhbətləşirik. Bəzən onlar da unudurlar ki, mən deputatam. Mən də unuduram ki, deputatam. Elə bil uşaqlıq illərimi, kənddə yaşadığım illəri xatırlayıram və sanki bir dostumla, tanışımla, kəndçimlə oturub söhbət edirəm. Bu ortamda onlar da dərdlərini açıq şəkildə deyə bilirlər, heç nədən çəkinmirlər. Elə bir ortam yaranır ki, hər kəs səmimiyyətlə ürəyindən keçəni danışır və heç kim də artistlik eləmir, dona girmir. Vacib olan mənim üçün bu görüşlərdə odur ki, seçicilərim də, mən də dona girmədən danışırıq, artistlik etmədən görüşürük, söhbətləşirik və bu mənə insanları daha yaxından tanımağa, seçicilərimi daha yaxından hiss etməyə kömək edir”.

“Elə problemlər var ki, yerindəcə, bir zənglə həll edirəm”
MCP başqanı görüşlər zamanı qaldırılan problemlərin hüquqi və inzibati tərəflərinə də toxunaraq, vətəndaşlara müraciət qaydaları ilə bağlı etdiyi tövsiyələri diqqətə çatdırıb:
“Müəyyən problemləri deyirlər. Elə olur ki, yerindəcə zəng edirəm, problemlərini həll edirəm. Xeyli asan məsələlər olur, bir zənglə həll olunur. Amma elə məsələlər var ki, artıq məhkəmə predmetidir. Elə məsələ var ki, sənəd düzəlməlidir. Ünvanlı sosial yardım almaq üçün prosedurlara, qaydalara uyğun olmalıdır, sənədlərini özü hazırlamalıdır. Məsələn, seçici olur ki, gəlir, deyir ünvanlı sosial yardım almıram. Soruşuram, müraciət etmisən? Deyir, yox. İndi eləsi var müraciət edib, amma qaydalara, standartlara, tələblərə uyğun deyil. Eləsi olur ki, deyir hər hansı məsələ ilə bağlı şikayəti var. Soruşuram ərizə ilə müraciət etmisən? Deyir, yox, heç vaxt etməmişəm. Deyirəm, müraciət etməlisən. Bəlkə onlar sənin problemini həll edəcəklər. Olsaydı, sonra mənə müraciət edərdin, vaxtını da itirməzdin. Bu cür məsələlər olur”.