Şanlı qələbəmizdən sonra Azərbaycana diqqət daha da artdı – Tural İrfan
Azərbaycanla ərəb ölkələri arasında hər zaman normal münasibətlər olub və indi də davam edir. Ekspertə görə, bir çox ərəb ölkələri ilə iqtisadi əlaqələr mövcuddur.
Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, siyasi şərhçi, ilahiyyatçı-ekspert Tural İrfan “Sherg.az”a açıqlamasında bildirib ki, şübhəsiz, İkinci Qarabağ savaşından və şanlı qələbəmizdən sonra Azərbaycana diqqət daha da artdı:
“Bu, ərəb ölkələri ilə də əlaqələrin sıxlaşmasına təkan verdi. Hazırda bu əlaqələr daha da genişlənir. Ərəb ölkələri də bunda maraqlıdırlar. Çünki qalib və haqlı dövlət ilə dost münasibətdə olmaq istəyirlər. Zəngin neft ölkələri olan ərəb ölkələri ilə daha yaxın əlaqələr bizim üçün də sərfəlidir. Demək olar ki, bütün ərəb dövlətləri Qarabağ məsələsində bizi dəstəkləyirdi. Genişmiqyaslı əməkdaşlığı davamlı etmək lazımdır. Bəzi ərəb ölkələrində təəssüf ki, bizi o qədər də tanımırdılar, ona görə də münasibətlər adi idi. Ancaq 44 günlük müharibədən sonra Azərbaycan öz qələbəsi ilə dünyaya səs saldı və həmin ölkələr də Azərbaycanı daha dərindən tanıdı”.
Analitik vurğulayıb ki, ermənilər sovet dövründən ərəb ölkələrinə siyasi cəhətdən yol tapıblar:
“Bəzi ölkələrdə lobbiləri də var. Sovet dövründə məlumdur ki, SSR-nin ərəb ölkələri ilə əlaqələri yaxın idi. Ermənilərin də Sovet hökumətindəki rolları məlumdur. Məhz bu rol vasitəsilə bir qədər də erməni yaşayan Suriya, Livan, Fələstin kimi yerlərdə ərəblərə özlərini sırıya bilmişdilər və Azərbaycan haqqında, Türkiyə haqqında yanlış propaqanda aparırdılar. İndi isə artıq onların bu təbliğatı iflas olmaqdadır. Çünki sovet təsiri artıq əriyir və Azərbaycan qələbə vasitəsilə dünyaya sübut etdi ki, haqlıdır. Nə qədər ermənilər təsir etsə də, hər halda müsəlman ərəb ölkələri həlledici məqamda müsəlman Azərbaycanın yanında olacaqlar. Təkcə müsəlmanlığa görə yox, haqlı və güclü olduğumuza görə. Müəyyən sahələri inkişaf etdirmiş ərəb ölkələri də var. Hesab edirəm ki, bir çox sahələrdə həmin ölkələrlə əlaqələri daha da sıxlaşdırmalıyıq”.