Xəbərlər

Sahibkara dövlət dəstəyi, minlərlə yeni iş yeri deməkdir… – Deputat

“Bu gün yerli istehsalçıların daha əlçatan dövlət xidmətlərinə ciddi ehtiyacı var. Aidiyyəti qurumlar sahibkarın onları tapmasını gözləməməli, özləri istehsalçıları axtarıb tapmalı və kömək təklif etməlidirlər. Çünki istehsalçı olmaq hələ böyük qazanc demək deyil; real gəlirə çıxmaq illərlə vaxt aparır”.

Sosdem.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev yerli istehsalın stimullaşdırılması və sahibkarların qarşılaşdığı çətinliklər barədə danışarkən deyib.

Millət vəkili bildirib ki, dövlətin əmlak, vergi və xüsusilə maliyyə resurslarına çıxış imkanları genişləndirilməzsə, bir çox müəssisə bağlanmaq təhlükəsi ilə üz-üzə qalacaq:

“Əgər dövlət sahibkara əmlak, vergi və əlçatan güzəştli kredit imkanı yaratmasa, onların xeylisi bir neçə ildən sonra fəaliyyətini dayandırmalı olacaq. Əsas problem güzəştli kreditlərlə bağlıdır. Bu kreditləri almaq çox çətin bir prosesə çevrilib və kiçik sahibkarların əksəriyyəti bu imkandan faktiki olaraq məhrumdur”.

MCP başqanı dövlət güzəştlərinin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb:

“Hazırda güzəştlər daha çox xüsusi iqtisadi zonalar və sənaye məhəllələrində tətbiq olunur. Yaxşı olar ki, dövlət həmin məkanlardan kənarda fəaliyyət göstərən perspektivli biznes layihələrinə də sahib çıxsın. Unutmayaq ki, həmin müəssisələrin minlərlə yeni iş yeri yaratmaq potensialı var. Dövlətin dəstəyi ünvanlı və əhatəli olmalıdır ki, yerli istehsal daxili bazarda möhkəmlənə bilsin”.

Bir cavab yazın

Back to top button