Xəbərlər

Şah İsmayıl İranın yox Türk Dünyasının lideridir… – MCP rəsmisi

“Tarixə yanaşma, xüsusilə milli kimlik və yaddaşla bağlı məsələlər sadəcə intellektual bilik mövzusu deyil; bu, həm də strateji mövqe və dövlətçilik məsələsidir. Azərbaycan xalqının minilliklərə söykənən dövlətçilik təcrübəsi, müqəddəs şəhidlərimizin qanı və parçalanmaz milli kimliyimiz heç vaxt ideoloji manipulyasiyaların aləti olmamalıdır. Bu baxımdan, Fazil Mustafanın “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” kitabı bir ziyalının tarixi dərindən dərk etmək istəyindən çox, ideoloji revanş, milli tariximizin üzərinə kölgə salmaq və süni siyasi qənaətləri cəmiyyətə yeritmək cəhdi kimi görünür”.

Bunu Sosdem.az-a deputatı Fazil Mustafanın kitabında yer alan iddiaları, Səfəvi irsini, milli kimliklə bağlı konseptual məsələləri dəyərləndirərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib.

“Şah İsmayıl İranın Yox, Azərbaycanın, Türk Dünyasının Lideridir”

Başqan müavini kitabda xüsusilə Səfəvilər dövləti və Şah İsmayıl Xətai ilə bağlı yer alan yanaşmaları sərt tənqid edib:

“Kitabda ən ciddi təhriflərdən biri Şah İsmayıl Xətaiyə və Səfəvilər dövlətinə münasibətdə ortaya çıxır. Fazil Mustafa faktiki olaraq Səfəviləri İran dövlətçiliyinin əsası kimi təqdim edir. Bu, tarixə qarşı açıq sayğısızlıq, milli kimliyimizə qarşı isə ideoloji sabotajdır.

Şah İsmayıl – Azərbaycan xalqının oğlu, türk dünyasının rəhbəri və milli düşüncəmizin simvoludur. Səfəvilər dövləti nə fars ideologiyasının, nə də məzhəb fanatizminin nəticəsi idi; o, türkün siyasi varlığının, hərbi iradəsinin və ideoloji birliyinin təzahürü idi. Bugünkü fars-molla rejimi ilə Şah İsmayıl arasında heç bir tarixi və ruhi bağ yoxdur. Əksinə, fars şovinizmi bu mirası həzm edə bilmədiyi üçün onu tarixdən ya silməyə, ya da mənimsəməyə çalışır. Fazil Mustafa isə – bilərəkdən, ya bilməyərəkdən – bu ‘iranlaşdırma’ prosesinə ‘mədəni xidmət’ göstərir”.

“İranın Düşmənçiliyi Din Yox, Türk Qorxusudur”

Ekspert kitabda münaqişələrin dini faktorlarla izah olunmasının yanlışlığını vurğulayıb:

“Müəllif İranın Azərbaycana düşmən münasibətini dini fərqlərlə izah etməyə çalışır. Bu, kökündən yanlış yanaşmadır. İran Azərbaycanın şiə olması ilə maraqlanmır – İran Azərbaycanı türk olduğu üçün, azad və müstəqil olduğu üçün özünə təhdid görür! Əgər dini eynilik ölkələr arasında münasibətləri tənzimləsəydi, İran xristian Ermənistanla yox, əsasən şiə olan Azərbaycanla müttəfiq olardı. Lakin reallıq fərqlidir. Çünki Tehran rejimi üçün əsas dəyər – fars millətçiliyidir. Bu sistem imperial məqsədlərlə formalaşmış rasist-fars mexanizmidir”.

“Dini Mənsubiyyət Milli Kimlikdən Öndə Ola Bilməz”

Hüquqşünas Azərbaycanın tarixi təkamül prosesində milli kimliyin dəyişməz qaldığını xatırladıb:

“Azərbaycan tarix boyu Zərdüştlük, Xristianlıq, İudaizm və İslam kimi müxtəlif dinlərin sülh şəraitində birgə yaşadığı mədəniyyət ocağı olub. Xalqımız tarixi təkamül dövründə müxtəlif dinlərə etiqad edib; qısası, dinlər dəyişib, lakin dəyişməz qalan milli kimliyimiz və etnosumuzdur. Dini mənsubiyyət heç bir halda milli kimlikdən önə keçə bilməz. Ona görə də milli kimliyi dini mənsubiyyətə görə ittiham etmək və həmin dövrləri tarixdən silməyə çalışmaq xalqın yaddaşını pozmaq cəhdidir.

Azərbaycan xalqının inancından ideoloji manipulyasiya üçün istifadə etmək cəmiyyətdə məzhəbçilik toxumu səpmək və bütövlüyümüzə qarşı psixoloji müharibə aparmaqdır. Fazil Mustafanın sərgilədiyi bu yanaşma daxili parçalanma meyillərinə alət ola bilər ki, bu da ziyalı pozisiyası deyil, təhlükəli ritorikadır”.

“Azərbaycanın Tarixi Qaranlıq Deyil, Nur Yoludur”

MCP rəsmisi tarixin qorunmasını vətəndaşlıq borcu adlandıraraq fikirlərini yekunlaşdırıb:

“Fazil Mustafanın təqdim etdiyi bu kitab Azərbaycan xalqına və milli mirasımıza xidmət etmir. Şah İsmayıla ‘İran padşahı’, Səfəvilərə ‘fars dövlətçiliyinin əsası’ deməklə nə tarix dəyişir, nə də xalqın yaddaşı. Milli tariximizi qorumaq bizim qan yaddaşımız qarşısındakı borcumuzdur. Azərbaycanın tarixi qaranlıq deyil – o, şəhid qanı ilə yazılmış, milli ruhla yoğrulmuş nur yoludur. Biz kimliyimizi, liderlərimizi və əcdadlarımızın mücadiləsini fars tarixçiliyinin və ya məzhəb manipulyasiyalarının predmetinə çevrilməkdən qorumalıyıq. Tarix, inanc və milli yaddaş bu xalqın müqəddəs dəyərləridir”.

Bir cavab yazın

Back to top button