Xəbərlər

“Şəxsi həyatın toxunulmazlığı qırmızı xəttimizdir” – Deputat köməkçisi

Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev son günlər sosial şəbəkələrdə xaricdən idarə olunan çirkin təhqir kampaniyalarına, internet üzərindən şəxsi həyatların hədəf alınmasına qarşı sərt mövqe nümayiş etdirib. Mehtiyev şəxsi həyatın toxunulmazlığını hüquqi dövlətin sarsılmaz təməli adlandırıb.

“Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər”

Deputat köməkçisi bildirib ki, hər bir insanın şəxsi həyatı toxunulmazdır və bu, hamı üçün keçərlidir:

“İstər adi vətəndaş olsun, istərsə də ölkə rəhbərinin ailə üzvü – şəxsi həyatın toxunulmazlığı prinsipi bütün hüquqi dövlətlərdə qəbul olunmuş ‘qırmızı xətdir’. Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər. Əksinə, belə davranışlar nifrət və ikrah doğurur.”

“Bu nə söz azadlığıdır, nə də mübarizə metodu”

Özlərini “mühacir bloger” adlandıran şəxslərin fəaliyyətini kəskin pisləyən başqan müavini, onların hərəkətlərini mənəvi tənəzzül kimi qiymətləndirib:

“Bu şəxslər sosial şəbəkələrdə saxta, montaj olunmuş videolar yaymaqla cəmiyyətdə nifrət toxumu səpməyə, şantaj və böhtan yolu ilə təhqiramiz çağırışlar etməyə çalışırlar. Bu cür davranış nə söz azadlığıdır, nə də mübarizə metodu. Bu, açıq-aşkar mənəvi dəyərlərdən uzaqlaşmanın və şəxsi məsuliyyətsizliyin göstəricisidir.”

“Azərbaycan qadınına dil uzadanlar mənəvi boşluq içindədir”

MCP rəsmisi xüsusilə ailə institutunun hədəf alınmasına diqqət çəkib:

“Azərbaycan qadınına və ailə institutuna qarşı dil uzadan, böhtan atan şəxslər əslində öz ailə dəyərlərinə hörmət etməyən, mənəvi boşluq içində olan insanlardır. Aparılan bu çirkin hücumlar mahiyyət etibarilə Azərbaycan dövlətinə və onun milli dəyərlərinə qarşı yönəlmiş məqsədli informasiya təxribatıdır.”

“Cəsarət deyil, nankorluqdur”

Ehtiram Mehtiyev bu kampaniyaların heç bir real nəticə verməyəcəyini vurğulayıb:

“Ölkədən kənarda oturaraq nifrət dili ilə danışmaq, ailə üzərindən şantaj qurmaq nə cəsarətdir, nə də mübarizə. Bu, sadəcə nankorluğun və mənəvi boşluğun bariz nümunəsidir. Azərbaycan cəmiyyəti bu cür məkrli və ucuz fəaliyyətləri qətiyyətlə rədd edir.”

Bir cavab yazın

Back to top button