Səhiyyədə “üçbaşlı” idarəetməyə son qoyulsun… – Deputat

“Həkimin ucqar kəndə getməsi üçün stimul yoxdur. Nəyinə lazımdır ki, şəraitsiz yerdə az qazancla əziyyət çəksin? Digər tərəfdən, Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta birləşdirilməlidir.”
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Azərbaycandakı həkim qıtlığının subyektiv səbəblərini açıqlayaraq, çıxış yolunu göstərib. Millət vəkilinin sözlərinə görə, həkimlərin böyük şəhərlərə qaçmasının qarşısını yalnız motivasiya ilə almaq olar.
“Həkimə stimul verilməlidir”
MCP başqanı bildirib ki, kəndlərdə tibbi xidmətin bərpası üçün həm maddi, həm də sosial güzəştlər şərtdir:
“Əgər o, gedib rayonda, ucqar kənddə işləyirsə, onun üçün motivasiya, stimul yoxdur. Məsələn, daha çox qazanacağı, pulsuz evdə qalacağı, hansısa güzəştlər əldə edəcəyi kimi amillər olmadığına görə də onun nəyinə lazımdır ki, ucqar bir kənddə, şəraitsiz bir yerdə həkimlik etsin. Qazancı yüksək olmayacaq, əziyyəti isə daha çox olacaq.”
“Kənd öz həkimini özü yetişdirməlidir”
Deputat kadr probleminin kökündə duran digər məqama da toxunub:
“Hər bir kəndin və rayonun həkimləri cəlb etməsi üçün öz içərisindən yetişdirdiyi həkim komandası olmalıdır. Əgər bir kənd istəyirsə ki, onun həkimi olsun, öz kəndindən bir həkim yetişdirməlidir. Çünki başqa bölgələrdən o kəndə həkimin işləməyə gəlməsi üçün ona stimul verməlisən.”

Səhiyyədə “Üçbaşlı” idarəetməyə son qoyulmalıdır
Millət vəkilinin ən kəskin tənqidi isə idarəetmə mexanizminə yönəlib. O, Milli Məclisdə dəfələrlə qaldırdığı məsələni yenidən gündəmə gətirib:
“Hazırda Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta və hər qurumun xəstəxanaları fəaliyyət göstərir. Bu, doğru yanaşma deyil. Azərbaycanda bir səhiyyə qurumu olmalıdır. Onlar birləşdirilməli, ölkədə bir səhiyyə sistemi, vahid bir komanda olmalıdır. Səhiyyə qurumları bir-birinə qarşı hərəkət etməməlidirlər. Bir-birindən üstün görünmək üçün mübarizə aparmamalıdırlar. Onlar xalqa daha yaxşı xidmət üçün mübarizə aparmalıdırlar.”