Xəbərlər

Sənədsiz evlər problemi vətəndaşın xeyrinə həll edilməlidir… – Ekspert

“Əsrlər boyu eyni torpaqda yaşayan ailələrin hüquqları yalnız formal kağız sənədlərlə deyil, tarixi yaşayış faktı, Usucapio” və “Historical Possession” kimi qlobal hüquq institutları ilə tanınmalıdır; dövlət qurumları sənədsiz evlər problemini vətəndaşın əleyhinə deyil, onun xeyrinə həll etməyə borcludur”.

Bu barədə Azərbaycanda on minlərlə vətəndaşı narahat edən sənədsiz fərdi yaşayış evlərinin hüquqi statusu, mülkiyyət münasibətlərinin tarixi kökləri və beynəlxalq hüquq presedentlərinə dair Sosdem.az-a geniş rəsmi bəyanat verərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, hüquqşünas Vüqar Dadaşov bildirib.

“Azərbaycan Xalqı Mülkiyyət Haqqı Üçün Kağız Şəhadətnamə Gözləməyib”

Ekspert qeyd edib ki, insan cəmiyyətinin formalaşması ilə yaranan torpaq mülkiyyəti müasir qeydiyyat sistemlərindən çox-çox əvvələ dayanır:

“Azərbaycan xalqı min illərdir öz tarixi torpaqlarında yaşayır. Bu xalq heç bir dövlətin ona mülkiyyət haqqında şəhadətnamə verməsini gözləmədən dövlətlər qurmuş, imperiyalar yaratmış, şəhərlər salmış, kəndlər inşa etmişdir. Bu gün ölkəmizin müxtəlif bölgələrində, kəndlərində, sərhəd yaşayış məntəqələrində elə evlər və torpaq sahələri mövcuddur ki, həmin ərazilərdə eyni ailələr yüzilliklər boyu yaşayırlar. Müasir dövrdə dövlət qeydiyyatının aparılmaması və ya müxtəlif tarixi səbəblərdən sənədləşmənin tamamlanmaması faktı həmin insanların öz doğma yurdlarına olan hüququnu şübhə altına ala bilməz”.

Roma Hüququndan Mesopotamiyaya: “Usucapio” və “Hammurapi Qanunları”

Hüquqşünas mülkiyyət hüququnun tanınmasında dünya hüquq elminin qəbul etdiyi fundamental institutları xatırladıb:

“Beynəlxalq hüquqda və mülki hüquq nəzəriyyəsində uzunmüddətli sahiblik (Historical Possession), faktiki istifadə (Actual Possession) və tarixi yaşayış hüququ əldə etmə müddəti ilə mülkiyyət hüququ (Acquisitive Prescription) mühüm institutlar hesab olunur. Roma hüququnda mövcud olan ‘Usucapio’ prinsipinə görə, şəxs müəyyən əmlakdan uzun müddət vicdanla və fasiləsiz istifadə edirdisə, o, mülkiyyət hüququ qazanırdı. Qədim Mesopotamiyada yaranan ‘Hammurapi Qanunları’ da torpaq və təsərrüfat münasibətlərini bu prinsiplə tənzimləyirdi. Birləşmiş Millətlər Təşkilatının (BMT) yerli xalqların hüquqları ilə bağlı qəbul etdiyi bəyanatlarda da insanların tarixən yaşadıqları ərazilərlə əlaqələrinin xüsusi hüquqi əhəmiyyət daşıdığı, sənəd çatışmazlığı səbəbindən mülkiyyətdən məhrum edilmənin hüquqi dövlət prinsipləri ilə uzlaşmadığı vurğulanır”.

“Dövlətin Bütün Yükünü Daşıyan Vətəndaş Sənəd Naminə Cəzalandırılmamalıdır”

Başqan müavini Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüququnu fundamental insan hüququ kimi tanıdığını qeyd edərək, vətəndaşların kommunal xidmətlərdən məhrum edilməsini kəskin tənqid edib:

“Əgər bir ailə müəyyən ərazidə yaşayırsa, ev tikib, təsərrüfat yaradıb, vergilər ödəyib, dövlətin bütün yükünü daşıyıbsa, onun hüququ yalnız bir sənədin olmaması ilə inkar edilə bilməz. Təəssüf ki, sənədləşmə problemləri səbəbindən vətəndaşlar qaz, su, elektrik kimi kommunal xidmətlərin göstərilməsi zamanı çətinliklərlə üzləşirlər. Tarixi yaşayış faktı nəzərə alınmadan əsas sosial hüquqların məhdudlaşdırılması sosial ədalətə ziddir. Bu insanlar torpaq zəbt etməyiblər, əcdadlarından qalan mirasda yaşayırlar. Onların sənədləşmə işləri sadələşdirilməli və sürətləndirilməlidir”.

Beynəlxalq Arenadakı Qarabağ Arqumentimiz Daxildə də Keçərli Olmalıdır

MCP rəsmisi problemin milli maraqlar və dövlət strategiyası baxımından əhəmiyyətinə xüsusi diqqət çəkib:

“Azərbaycan dövləti beynəlxalq müstəvidə Qarabağ və digər tarixi torpaqlarımız üzərində hüquqlarını müdafiə edərkən əsas arqumentlərdən biri həmin ərazilərdə xalqımızın əsrlər boyu yaşaması faktıdır. Deməli, tarixi yaşayış faktı təkcə beynəlxalq münasibətlərdə deyil, ölkə daxilində də eyni hüquqi və mənəvi dəyərə malik olmalıdır. Hüququn məqsədi insanı sənəd naminə cəzalandırmaq deyil, ədaləti təmin etməkdir. Torpağın həqiqi sahibi bəzən əlində sənəd tutan deyil, həmin torpaqda nəsillər yetişdirən, onu qoruyan və abadlaşdıran insandır”.

Bir cavab yazın

Back to top button